İsveçrədə referendum keçiriləcək: İnəklər buynuzlu, yoxsa buynuzsuz olsun

 
İsveçrədə gündəmi zəbt edən mövzu inək və keçilərin buynuzlarının təbii olaraq uzanmasının tərəfdarı olan fermerləri subsidiyalarla dəstəkləmək, yoxsa dəstəkləməməkdir. Yeniavaz.com “Euronews” telekanalına istinadla xəbər verir ki, İsveçrədə xalqı buna qərar vermək üçün bazar günü referendumda səs verəcək.
 
İnək və keçilərin buynuzlarının kəsilməsinin əleyhinə olan 66 yaşlı fermer Armin Kapul uzun illərdir apardığı mübarizə nəticəsində məsələni referendum yolu ilə həll olunmasına nail olub. O, buynuzlu heyvanların rahat hərəkət edə bilmələri üçün daha geniş sahələrə ehtiyacın və bu məqsədlə daha çox yardım fondunun lazım olduğunu hesab edir.
 
Fermerin fikrincə, yaşayış sahələri genişləndikcə heyvanların buynuzlarının kəsilməsinə ehtiyac qalmayacaq: “Heyvanları rahat buraxmalıyıq. Buynuzları necədirsə, elə də qalmalıdır. Onlara baxanda görürsən ki, qürurlu kimi başları həmişə yuxarıdadır. Ancaq buynuzlarını kəsəndə məyus görünürlər”.
 
İsveçrənin milli simvolu və turistlərin maraq dairəsində olan inəklərin üçdə biri ya buynuzları kəsilmiş vəziyyətdədir, ya da genetik olaraq buynuzları kəsik şəkildə doğulmuş inəklərdən ibarətdir. İnəklərin buynuzları ilə daha yaxşı əlaqə qurduğunu düşünən isveçrəli fermer buynuzların heyvanların bədən temperaturunu tənzimləməyə kömək etdiyinə inanır. Bunun üçün də dövlətin fermerlərə ildə təqribən 200 dollar subsidiya verməsini tələb edir. A. Kapul 100 min imza toplayaraq məsələni səsverməyə çıxarmağa nail olub.

DİGƏR XƏBƏRLƏR

Top