"Azəriqaz": "Mənzilə daxil olarkən qaz iyi gəlirsə, işığı söndürmək olmaz" - XƏBƏRDARLIQ


Gəncənin Kəpəz rayonunda 4 mərtəbəli yaşayış binasında baş verən dəhşətli partlayış qaz cihazlarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Məlumat üçün bildirək ki, partlayış nəticəsində dağıntılar altında qalan 3 nəfərin meyiti çıxarılıb, 1 nəfərin vəziyyəti isə ağırdır.
Mənzillərdə baş verən dəhşətli qaz partlayışları ilə bağlı Fövqəladə Hallar Nazirliyi həmişə araşdırma aparır, səbəbi açıqlayır və s.
Bəs "Azəriqaz" İstehsalat Birliyi də partlayışlar, onların səbəbləri ilə bağlı araşdırma aparırmı? Məsələ ilə bağlı Yeniavaz.com saytı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevdən münasibət öyrənib.
İ. Kərbalayev deyib ki, qaz təsərrüfatında təhlükəsizliyin təmin edilməsi, qazın təhlükəsiz nəql edilməsi məsələsi hər zaman "Azəriqaz" İstehsalat Birliyinin gündəmindədir: "Gəncə şəhərinin Kəpəz rayonunda partlayış baş verən bina 3 girişdən ibarətdir, hadisə birinci girişdə olub. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.
Məlumat üçün bildirim ki, istehlakçılarla təbii qazın alqı-satqısı müqaviləsi bağlanan zaman "Azəriqaz" İstehsalat Birliyi tərəfindən maarifləndirmə işləri aparılır, qaz cihazlarının istismarı, təhlükəsizlik qaydaları barədə məlumatlar verilir. Bundan əlavə kütləvi informasiya vasitələrində, o cümlədən radio-televiziyalarda mütəmadi maarifləndirmə işləri aparılır".
"Əsasən payız-qış mövsümündə bu cür hadisələr baş verir. Həm dəm qazından boğulma, həm də partlayış hadisələri təbii qazdan düzgün istifadə olunmadıqda baş verir. Qaz cihazından anlayışı olmayan insanların, uşaqların hər hansı müdaxiləsi qadağandır. Texniki təhlükəsizlik qaydalarına riayət olunmalıdır",-deyə "Azəriqaz" rəsmisi bildirib.
İbrahim Kərbalayev deyib ki, qaz sızmasından baş verən partlayışlar kütləvi xarakter daşımır: "Mənzillərə ilkin qaz açılması zamanı mütəxəssislər tərəfindən izah işləri ilin bütün fəsillərində aparılır. Onu da deyim ki, mənzillərə qaz cihazları quraşdırılan zamanı mütləq və mütləq mütəxəsisləri dəvət etməlidirlər. Qaz cihazlarının mənzil daxilində yerinin dəyişdirilməsi qadağandır. Bundan başqa, mətbəxdəki qaz cihazlarının yerinin dəyişdirilməsi, mətbəxin otaq edilməsi qadağandır. Çünki binanın tikintisi zamanı mətbəx otağında müəyyən havalandırma sistemi nəzərdə tutulur, digər zəruri şərait yaradılır. Ona görə də mətbəxin otaq edilməsi, qaz cihazlarının eyvana çıxarılması yolverilməzdir. Mənzildə də hər hansı bir qaz cihazı quraşdırarkən, qaz cihazında hər hansı bir nasazlıq baş verərkən yalnız və yalnız mütəxəssis dəvət olunmalıdır".
İbrahim Kərbalayev deyib ki, mənzilin qaz təchizatında hər hansı bir problem yaşanırsa, vətəndaşlar "Azəriqaz" İstehsalat Birliyinin çağrı mərkəzinə müraciət etməli, mütəxəssislər tərəfindən yerində baxış keçirilməlidir: "Əgər nasazlıq onun qaz cihazındadırsa, mənzilin qaz təchizatı dayandırılır. Məhz nasazlıq aradan qaldırılandan sonra "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yenidən mənzilə baxış keçirilir, qaz təchizatı bərpa olunur".
"Azəriqaz" İstehsalat Birliyinin "qaynar xətt"i var, qaz iyi gələrkən mütləq ora müraciət olunmalıdır. Vətəndaş mənzilə daxil olarkən qaz iyi gəldiyini hiss edərsə, otağın işığını yandırmamalı, əgər otaqda işıq yanılıdırsa, söndürməməlidir. Qapı-pəncərə açılmalı, otaq havalandırmalıdır. O müddət ərzində də "Azəriqaz"ın 104 qəza xidmətinə müraciət olunmalıdır. Əməkdaşlar tərəfindən də baxış keçirilib problem aradan qaldırılmalıdır",-deyə İbrahim Kərbalayev vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top