
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi üzvləri öz müttəfiqlik öhdəliklərini yerinə yetirmir. Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib. Onun sözlərinə görə, üç ay əvvəl məlum “Polonez”lərin partiyası tədarük edilib: “Tədarük üzrə müqavilə daha əvvəl imzalanıb. Bütün bunlar Ermənistan nümayəndəsi KTMT-nin baş katibi vəzifəsini tutduğu şəraitdə baş verib”.
N. Paşinyan qeyd edib ki, Ermənistanın mövqeyi dəqiqdir: “İrəvan bu cür müqavilələri qınayır, onları özünün milli maraqlarına qarşı yönəldilmiş hesab edir: “Biz hesab edirik ki, belə sazişlər KTMT-nin strukturunu zəiflədir”.
O hesab edir ki, indiki mərhələdə təşkilatın üzvləri tərəfindən qarşılıqlı izahatların verilməsi vacibdir: “Hər ölkə aydın bilməlidir ki, özünün hərbi-siyasi müttəfiqi qarşısında hansı öhdəlikləri var. Ermənistan təşkilat çərçivəsində öz müttəfiqlik öhdəliklərinə tam əməl edir”.
Xatırladaq ki, Azərbaycan Belarusdan hərbi texnikanın növbəti partiyasının alınmasına dair memorandum imzalayıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Minskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib. İyunda və sentyabrda Belarusdan alınan 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası Azərbaycana gətirilib.
Tətbiqimizi yükləyə bilərsiniz