İlham Əliyev: "Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır"

Belarusa səfər bizə həmişə xüsusi sevinc bəxş edir. İlk növbədə, Sizi və bütün Belarus xalqını ölkənizin sosial-iqtisadi inkişafında qazandığınız nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən Belarusa müntəzəm səfər edən bir şəxs kimi ölkənizin necə dinamik və səmərəli inkişaf etdiyini görürəm. 

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü zamanı deyib. 

Prezident qeyd edib ki, iki dövlət başçısı arasındakı münasibət ölkələr arasındakı səmimiyyəti və əməkdaşlığı yaxşı nümayiş etdirir: "Biz bütün məsələlərlə bağlı qarşılıqlı fəaliyyət göstəririk və qəbul edilən qərarlar hökmən həyata keçirilir. Bu gün Siz ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini qeyd etdiniz. Mən də öz növbəmdə qeyd etmək istərdim ki, biz bütün istiqamətlər üzrə fəal irəliləyiş olduğunu və yaxşı nəticələr qazanıldığını görürük. Bizim hər görüşümüz münasibətlərimizə təkan verir və konkret layihələrin həyata keçirilməsinə doğru aparır. Biz görülmüş işlərə yekun vururuq, gələcək qarşılıqlı fəaliyyətin və əməkdaşlığın yollarını müəyyənləşdiririk və qəbul etdiyimiz qərarları səmərəli şəkildə həyata keçiririk”.

Prezident İlham Əliyev deyib ki, gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq: 

“Siz çıxışınızda Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq. Azərbaycan həm də Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq. Təsadüfi deyil ki, hökumətlərarası komissiyanın dünənki iclasında mühüm mövzulardan biri nəqliyyat sahəsi ilə bağlı məsələlər olub.

Əlbəttə, biz Belarusun ikinci Avropa Oyunlarını keçirməyə necə fəal hazırlaşdığını diqqətlə izləyirik. Bu, təbiidir, birincisi ona görə ki, biz dostlarıq. İkincisi, birinci Oyunlar Bakıda keçirilib. Biz inanırıq ki, yaradılmış idman infrastrukturu, qonaqların qalmaları üçün gözəl şərait, habelə Belarusun beynəlxalq tədbirlərin təşkili sahəsində nümayiş etdirdiyi yüksək səviyyə Oyunların da çox yüksək səviyyədə keçirilməsinə imkan verəcək.

Siz qeyd etdiyiniz kimi, biz kənd təsərrüfatı, təhsil və elm sahələrində əməkdaşlığa da böyük diqqət yetiririk. Daha doğrusu, bizim çox yaxşı nəticələr əldə etdiyimiz sahələri sadalamaqdansa, fəal əməkdaşlıq etmədiyimiz sahələri sadalamaq daha asan olar. Bizim münasibətlərimizin başlıca əsası qarşılıqlı dəstək, qarşılıqlı hörmət və qarşılıqlı etimadın yüksək səviyyəsidir. Düşünürəm ki, biz bu əsasda birgə səylərimizlə ölkələrimiz, xalqlarımız üçün yaxşı imkanlar yaradacaq, münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır. Əminəm ki, mənim bugünkü səfərim münasibətlərimizə yeni təkan verəcək.

Qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm və əminəm ki, yaxşı nəticələr ölkələrimiz arasında daha sıx qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq”. 

DİGƏR XƏBƏRLƏR

Top