
ARB TV-nin "Kim var, kim yox?" verilişində xalq artisti Faiq Ağayevin deputat olmaq istəyini açıqlaması birmənalı qarşılanmayıb. Bir neçə gündür sosial şəbəkə istifadəçiləri bu mövzuda paylaşılan xəbərlərə şərh yazır, tənqidlərini bildirirlər. Faiq Ağayevin yüksək intellektli bir insan olduğunu yazıb onun deputat olmaq istəməsinə normal münasibət bildirənlər də var, qəti sərt mövqe bildirənlər də. Onun deputatlıq istəyini tənqid edənlərin, xoş qarşılamayanların sayı daha çoxdur.
Azərbaycanın tanınmış həkimi, ictimai xadim, tibb elmləri namizədi Rəşid Mahmudov vətəndaşları maraqlandıran ictimai məsələlərlə bağlı daim öz fikirlərini bölüşür, müəyyən məsələlərə münasibət bildirir. Yeniavaz.com saytı şou-biznes nümayəndələrinin deputat olmaq istəməsi ilə bağlı R. Mahmudovdan münasibət öyrənib.
"Onlardan bu xalqa deputat olmaz. Kim istəyirsə, namizədliyini verir versin, kimdi onları seçən?" - Rəşid Mahmudov deyib.
Rəşid Mahmudov daha çox hüquqşünasların deputat olmasını istədiyini söyləyib: "Deputat ən çox hüquqşünaslardan olmalıdır. Söhbət qanun-qaydaları bilən insanlardan gedir. Belə adamlar deputat olmalıdır. Sovet dövründə sağıcıları da deputat seçirdilər. Sağıcı orada əl qaldırmaqla məşğul idi. Savadlı həkimlərdən də deputat ola bilər, amma onların da hüquqi məsələlərdən savadları olsa, daha yaxşı olar. Camaatın hüquqlarını qoruya bilsin, insanların hüquqlarını aydınlaşdıra bilsin. Belə adamlar ola bilər, yoxsa hər yolla gedən deputat ola bilməz".
"Nə vaxtsa deputat olmaq barədə düşünmüsünüzmü?" sualımıza Rəşid Mahmudov belə cavab verib: "Mən heç bir vəzifə istəməmişəm, istəmirəm və istəməyəcəm. Mən elə şeylərlə məşğul deyiləm oğul, müəlliməm, həkiməm, tələbələrim, yetişdirmələrim var. Özü də məni ağır xəstəlikdən sağaldan tələbələrim oldu. Onlarla fəxr edirəm".
Rəşid Mahmudov dünəndən işə çıxdığını, hazırda özünü yaxşı hiss etdiyini də bildirib.