"DİM 9-11-ci siniflərin şagirdlərinin yazı bacarıqlarına xüsusi diqqət ayırır"


Mingəçevir 1 saylı tam orta məktəbdə “Yazı işinin təşkili metodikası” mövzusunda  5 günlük təlimlərə start verilib. Mingəçevir məktəblərindən 80 nəfər Azərbaycn dili və ədəbiyyat müəllimi bu kurslarda iştirak edir. Xəzər Universitetinin “Dünya məktəbi”nin Azərbaycan dili və ədəbiyyat müəlliməsi, Təhsil Nazirliyinin bir çox layihələrinin metodisti, koordinator İlahə Rəhimova Yeniavaz.com-a açıqlamasında bildirib ki, “Yazı işinin təşkili” təlimlərini keçirməkdə məqsəd  Azərbaycan dili və ədəbiyyat dərslərində esse və əməli yazıların xüsusiyyətlərini daha dərindən mənimsəmək, yazı texnikasını təkmilləşdirmək və bunun əsasında şagirdlərlə daha səmərəli işləmək üsullarını öyrətməkdir: “Başqa sözlə desək, müəllimlərin yazı işləri üzrə akademik biliklərini və metodik bacarıqlarını artırmaqdır. Təcrübə göstərir ki, inkişafa xidmət edən işlərin kompleks şəkildə həyata keçirildiyi məktəblərdə daha çox uğur qazanılır”.

Müsahibimiz, həmçinin vurğuladı ki, hazırda Dövlət İmtahan Mərkəzi (DİM) 9-11-ci siniflərin şagirdlərinin yazı bacarıqlarına xüsusi diqqət ayırır. Onun sözlərinə görə, tenderə çıxarılmış bu layihəni Odlar Yurdu Universitetinin “İnkişaf” Elmi Mərkəzi İctimai Birliyi qazanıb: “Mən də Odlar Yurdu Universiteti tərəfindən təlimçi kimi bu layihəyə  çəlb olunmuşam”.
Təlimdə iştirak edən Mingəçevir 8 saylı məktəbin Azərbaycan dilı və ədəbiyyat müəlliməsi Hökümə Mehtiyeva belə bir layihəni çox bəyəndiyini söylədi: “Bu təlimdə bir çox yeniliklərlə qarşılaşırıq. Təbii ki, biz onları öz işimizdə tətbiq edəcəyik. Onu da deyim ki, müasir təhsil sistemində baş verən dəyişikliklər müəllimlərin təkmilləşməsini, peşəkarlıqlarının yüksəlməsini tələb edir”.
O, başqa fənlər üzrə də belə təlimlərin keçirilməsinə ehtiyac olduğunu bildirib. 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top