Azərbaycan Farer adalarına qalib gəldi

Noyabrın 17-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda növbəti oyununu keçirib.

Bakı Olimpiya Stadionunda milli komanda Farer Adaları yığmasını 2:0 hesabı ilə məğlub edib.

Görüşdə hesab 18-ci dəqiqə açılıb. Künc zərbəsindən ötürülən topu Dmitri Nazarov qapı istiqəmətinə yönəldib. Rəqib futbolçuya dəyən top istiqamətini dəyişərək, tora daxil olub -1:0.

Matçın 28-ci dəqiqəsində Mahir Mədətov ön plana çıxıb. Gənc futbolçu təxminən 30 metr məsafədənmükəmməl zərbə ilə üstünlüyü 2 topa çatdırıb.

Milli ikinci hissəyə bir əvəzetmə ilə başlayıb. İlk yarının sonunda zədələnən Kamran Ağayevin yerinə qapıya Səlahət Ağayev keçib. Fasilədən sonra oyunun mənzərəsi xeyli dəyişib, sürət aşağı düşüb. Demək olar ki, qapılar önündə ciddi təhlükə yaranmayıb. 71-ci dəqiqədə isə Pavlo Paşayev zədələnərək yerini R.Məmmədova verib. 78-ci dəqiqədə isə R.Dadaşovun əvəzinə meydana daxil olan Mirabdulla Abbasov millidə debüt edib.

Görüşün ən fəallarından olan D.Nazarov 87-ci dəqiqədə qol vurmağa yaxın olsa da, onun zərbəsi qapıya düşməyib. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə isə M.Abdulla Abbasovla T.Xəlilzadə qol şanslarını qaçırıblar. Birincinin zərbəsini qapıçı dəf edib, digəri isə topu qapının üstündən vurub.

Beləliklə, Azərbaycan millisi 2 cavabsız qolla önəmli qələbə qazanaraq xalını 9-a çatdırıb və 2-ci pillədə qalıb.

D liqasının III qrupunda paralel keçən digər oyunda Kosovo səfərdə Maltanı 5:0 hesabı ilə məğlub edib. Bununla da lider xalını 11-ə çatdırıb. Bu isə o deməkdir ki, Azərbaycan millisi qrup qalibi kimi pley-offa vəsiqə qazanmaq üçün noyabrın 20-də Priştinada Kosovonu mütləq məğlub etməlidir.

(Report)

DİGƏR XƏBƏRLƏR

Top