Tanınmış yazıçıdan Abel Məhərrəmova sərt ittiham: "Basdırdığı səssiz "bombalar" bundan sonra partlayacaq"


"Deyirmiş ki, BDU elə-belə yer deyil. Deyirmiş ki, istəsə ölkədəki sabitliyi poza bilər. Çünki əmrinə müntəzir minlərlə tələbə və ziyalı dayanıb. Bu 19 ildə uversiteti minlərlə tələbə qurtardığı kimi əsil parlaq ziyalıların da kökü kəsilib qurtarıb? Onların yerini yalnız tayfa mənsubiyyəti əsas götürülərək 4-5 ilin içində elmlər doktoru, professor adını qazanmış küçədən keçən təsadüfü adamlar tutub. Onlar ziyalı yox, parnik xiyarlarıdı və təbii ki, xiyarların arasında balqabaq həmişə əzəmətli görünüb".
Yeniavaz.com xəbər verir ki, bu fikirləri sosial şəbəkədəki səhifəsində tarix üzrə fəlsəfə doktoru, yazıçı, əməkdar jurnalist Natiq Məmmədli yazıb. 
"Universitetin rektorunun çaxır qaçaqmalçılığında tutulması Azərbaycan təhsilində rüsvayçılıqdır və bundan nəticə çıxarmaq lazımdır. Hansı nəticə? Ali təhsildə, həmçinin elmdə də rotasiya olmalı, yaş senzi nəzərə alınmalıdır. Rotasiya olmalıdır ki, hər çaxır satan universiteti öz dədəsinin bostanı hesab eləməsin.
BDU-nun verdiyi təhsilin bütün mərhələlərini bitirmişəm, bütün "turaları"n hamısını fərqlənmə diplomu ilə. Namizədlik dissertasiyasını müdafiə elədikdən sonra saatı 2 manat 45 qəpiyə 5 il mühazirə oxumuşam. Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bəlkə də mümkündü, amma tayfa mənsubiyyəti olmadan universitetdə ştata keçmək mümkün deyildi.
Deyəcəksiniz mən niyə gedənin dalınca danışıram. Mən konkret adamı yox, tendensiyanı nəzərdə tuturam - bu tendensiyanın adı "abelovşina"dı. Onun basdırdığı səssiz "bombalar" bundan sonra da partlayacaq. Onun əkdiyi sarmaşıqlar hələ uzun müddət universitetin divarlarını yapışıb adamların ayağına dolaşacaq",-deyə Natiq Məmmədli vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top