
Britaniyalı rəssam Deyvid Hokneyin 1972-ci ildə çəkdiyi ikonik əsər, Krayztis sərgi evi tərəfindən Nyu-Yorkda təşkil olunan hərracda 90,3 milyon dollara satılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 81 yaşlı D. Hokneyin “Bir rəssamın portreti – İki fiqurlu hovuz” (Portrait of an Artist – Pool with Two Figures) adlı əsərinin hərraca çıxmamışdan əvvəl 80 milyon dollara satılacağı ehtimal olunurdu.
Ancaq hərrac zamanı qiymətin 70 milyon dollara qalxması ilə iki alıcı arasında kəskin bir rəqabət başlayıb və əsər 90,3 milyon dollara satılıb.
Bundan əvvəl yaşayan bir sənətkarın ən bahalı əsəri ünvanı Cef Konsun “Balloon Dog” heykəlinə məxsus idi. Bu əsər 2013-cü ildə 58.4 milyon dollara satılmışdı.
D. Hokneyin əvvəlki şəxsi rekordu isə 28.4 milyon dollar idi.
Krayztis sərgi evi nə satıcının nə də telefonla hərraca qatılan alıcının adlarını açıqlamayıb.
Qeyd edək ki, əsərin britaniyalı milyarder Co Levisin himayəsində olduğu ehtimal olunurdu.
Şahmərdan Əhmədli
Tətbiqimizi yükləyə bilərsiniz