"NBC": Tramp Güləni ABŞ-dan çıxarmaq istəyir, rəsmi qurumlar isə "bunun üçün qanuni əsas yoxdur" deyir


Amerikanın "NBC News" telekanalı Tramp hökumətinin Fəthullah Gülənin Türkiyəyə verilməsinin mümkün hüquqi aspektlərini öyrəndiyini iddia edib.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, bu barədə "NBC News" telekanalı Birləşmiş Ştatlar hökumətindəki mənbələrə istinadən məlumat yayıb. "NBC"nin xəbərinə görə, Tramp jurnalist Camal Qaşıqçının qətlindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sakitləşdirmək və Səudiyyə Ərəbistan hökuməti üzərindəki təzyiqləri yumuşaltmaq istəyir.
İddiaya görə, Ağ Ev rəhbəri F.Gülənin Türkiyə təhvil verilməsi barədə məsələnin yenidən  araşdırılması üçün Federal Təhqiqat Bürosu, Ədliyyə və Daxili İşlər Nazirliklərinə göstəriş verib. Tramp "Türkiyənin Gülənin ekstradisiyası üzrə təqdim etdiyi materiallara yenidən baxılması" mümkünlüyü, həmçinin "ABŞ-da Gülənin hüquqi statusu" barədə məlumat istəyib. Adıçəkilən qurumlardan isə hüquqi cəhətdən bunun mümkün olmadığı və Gülənin "Yaşıl kart" sahibi olduğu məlumatı Ağ Evə çatdırılıb. Hətta yüksək vəzifəli büokratların hökumətin bu addımına qarşı çıxdıqları da xəbərdə yer alıb.

Yenə kanalın iddiasına görə, Tramp hökuməti və Türkiyə tərəfi Gülənin ekstradisiyası baş tutmayacağı halda Cənubi Afrikaya göndərilməsi ilə bağlı müzakirələr də aparıb. Ancaq ABŞ rəsmi qurumları Fəthullah Gülənin Cənubi Afrikaya göndərilməsi üçün qanuni əsasların olmadığını və bu səbəbdən öz istəyi olmadığı müddətcə bunun real görünmədiyini bildirib.

ABŞ Xarici İşlər Nazirliyi "NBC News" telekanalının iddialarına rəsmi münasibət bildirib: "Ağ Ev Gülənin ekstradisiyası ilə bağlı heç bir görüş keçirməyib. Türkiyədən göndərilən sənədlərin dəyərləndirilməsi davam edir".

Qeyd edək ki, Fəthullah Gülən 1990-cı illərdən Pensilvaniyada yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top