
"Rusiyanın qorxusundan Qolodomorla bağlı anım tədbirinə icazə vermədin, "həmin gün zalda başqa tədbirimiz var" bəhanəsini uydurdun".
Yeniavaz.com xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.
E. Şahinoğlu bu fikirləri yazarkən noyabrın 15-də Bakı Dövlət Universitetində Ukraynada 1932-1933-cü illərdə aclığa məhkum edilən milyonlarla ukraynalının ("Qolodomor") xatirəsinə həsr olunmuş "dəyirmi masa"nın keçirilməsinə icazə verilməməsinə eyham vurub.
"Tədbir Ukrayna səfirliyində keçirildi, Qolodormordan, Xocalı soyqırımından danışılıdı, paralellər aparıldı, etdiyin pislik isə Sənə qaldı, vəzifəni itirdin! Özlərini "kiçik padşahlar" sayan başqalarına da yaxşı dərs olmalıdır! Mənim də məzunu olduğum Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti buna layiq deyil",-deyə politoloq vurğulayıb.
Qeyd edək ki, noyabrın 13-də Elxan Şahinoğlu bildirmişdi ki, Ukraynada 1932-1933-cü illərdə aclığa məhkum edilən milyonlarla ukraynalının xatirəsinə həsr olunmuş tədbiri Bakı Dövlət Universiteti keçirməkdən imtina edib.
"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək. Ukraynada "Qolodomor" illərində 4 ilə 7 milyon arasında insan həlak olub. Bu Stalin rejiminin repressiyasıdır. "Qolodomor" olaylarını bütün dünya bilir və qəbul edir. Bunu Stalin rejimi edib, o rejim ki, məmləkətimizin də minlərlə tanınmış insanını ölümə məhkum edib. Yəni Stalinin etdiklərinin indiki Rusiya hakimiyyəti ilə əlaqəsi yoxdur. Belə isə nədən və kimdən qorxursunuz? Bəlkə ehtiyat edirsiniz ki, Rusiyada kimlərsə Bakı Dövlət Universitetində "Qolodomor"a dair konfransın keçirilməsinə etiraz edər?",-deyə politoloq narazılığını bildirmişdi.

