
“Ət yerinə balıq, toyuq və hinduşka əti yesək bu iş həll olunacaq”.
Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli ölkə vətəndaşlarının ət ala bilməmələrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Türkiyə indiyə kimi ildə 60-100 min ton ət idxal edib: “Hazırda ət idxalına çox ehtiyacımız olmasa da, ölkədə mal-qaranın sayında bir az çatışmazlıq var. Hərçənd Türkiyənin ümumi protein istehsalında çatışmazlığı yoxdur. Ət yerinə balıq, toyuq və hinduşka əti yesək, bu iş həllini tapacaq”.
Nazir bildirib ki, Türkiyə vətəndaşları 2002-ci ildə 6 kiloqram ət yediyi halda, hazırda 15 kiloqram ət yeyir: “Unutmayaq ki, ət yeməyin sağlamlıq tərəfi də var. Əti bir az daha az yeyək, digər yeməklərə nəzər salaq. 40 yaşınadək quzu, 40 yaşından sonra isə quzunun yediyini yeməlisən. Dietoloqlar bunu məsləhət görürlər. Ət yerinə balıq yeyək”.
B.Pakdemirli qeyd edib ki, Türkiyə ildə orta hesabla 1 milyard dollar həcmində balıq ixrac edir: “Bunu 2 milyard dollara çıxartmaq lazımdır. Türkiyəni dünyanın balıq bazasına çevirə bilərik. 2023-cü ilə çatmadan dəniz məhsullarının istehsalını 280 min tondan 600 min tonadək artıra bilərik. 2002-ci ildə illik 6-7 kiloqram balıq əti yeyirdik, bu rəqəm ətlə eynidir. İndi isə 5,5 kiloqrama enib. Sağlam olmaq istəyiriksək, ləzzət axtarırsaq, daha çox balıq yeməliyik”.