"Rusiyadan niyə bu qədər qorxuruq?" - Politoloq


"Rusiyadan niyə bu qədər qorxuruq? Noyabrın 15-də Bakı Dövlət Universitetində Ukraynada 1932-1933-cü illərdə aclığa məhkum edilən milyonlarla ukraynalının ("Qolodomor") xatirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilməli idi. "Dəyirmi masa"da Ukraynadan dəvət olunan alimin məruzəsi dinlənilməli idi. "Dəyirmi masa"ya bir neçə gün qalmış Bakı Dövlət Universiteti tədbiri keçirməkdən imtina edib". Yeniavaz.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində bildirib.
"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək. Ukraynada "Qolodomor" illərində 4 ilə 7 milyon arasında insan həlak olub. Bu Stalin rejiminin repressiyasıdır. "Qolodomor" olaylarını bütün dünya bilir və qəbul edir. Bunu Stalin rejimi edib, o rejim ki, məmləkətimizin də minlərlə tanınmış insanını ölümə məhkum edib. Yəni Stalinin etdiklərinin indiki Rusiya hakimiyyəti ilə əlaqəsi yoxdur. Belə isə nədən və kimdən qorxursunuz? Bəlkə ehtiyat edirsiniz ki, Rusiyada kimlərsə Bakı Dövlət Universitetində "Qolodomor"a dair konfransın keçirilməsinə etiraz edər? Bəs bir gün Ukrayna hakimiyyəti Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbiri təxirə salsa və ya bizim qan yaramız olan hadisəyə etinasız yanaşsa, nə deyəcəyik, necə reaksiya verəcəyik? Bu haqda düşündünüzmü?",-deyə politoloq vurğulayıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top