Rusiya jurnalistin hava limanında dindirilməsinə etiraz bildirib


Rusiyanın Xarici İşlər nazirliyi "USA Really" veb səhifəsinin baş redaktoru Sergey Malkeviçin ABŞ aeroportunda dindirilməsi ilə bağlı etiraz bildirib.

Malkeviçin cümə günü Vaşinqton hava limanında bir neçə saat sorğu-sual edildiyi haqda məlumat verilib. Ona həmçinin veb səhifəni ABŞ-da xarici agent kimi qeydiyyatdan keçirməli olduğu bildirilib. "USA Really" veb səhifəsi Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilədə ittiham edilən “troll fabriki” tərəfindən sponsorlaşdırılır.

Sergey Malkeviç ABŞ-da noyabrın 6-da keçirilmiş Konqresə ara seçkiləri izləmək üçün Merilend ştatında səfərdə olub. RİA-Novosti agentliyinin verdiyi məlumata görə, Malkeviç dindirildikdən sonra buraxılıb və Parisə yola düşüb.

Rusiyanın Xarici İşlər nazirliyinin verdiyi bəyanatda deyilir ki, insident “Amerika rəsmiləri tərəfindən təkcə Rusiya mətbuatına deyil, həm də Birləşmiş Ştatlar haqda müstəqil fikrə təzyiq kampaniyasına dair bir sübut idi”.

İngilis dilində xəbərlər yayan "USA Really" veb səhifəsi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. "Facebook", "Twitter" və "YouTube" sosial media şirkətləri şübhəli fəaliyyətlərlə əlaqədar olaraq veb səhifənin yazılarını blok edib. Malkeviç buna cavab olaraq ABŞ-ı senzurada və söz azadlığını pozmaqda ittiham edib. (amerikaninsesi.org)

DİGƏR XƏBƏRLƏR

Top