Marşrut avtobuslarındakı "Wi-Fi" sisteminə niyə qoşulmaq olmur?


Paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarında "Wi-Fi" olacağı ilə bağlı mətbuatda dəfələrlə rəsmi və qeyri-rəsmi xəbərlər verilib. "Bakubus" MMC-nin mətbuat xidməti hələ 2016-cı ildə bu barədə açıqlama yayaraq bildirmişdi ki, həmin ilin birinci rübündə avtobusların müəyyən hissəsində "Wi-Fi" sistemi tətbiq olunacaq.
Həmin vaxtdan 2 ildən də çox vaxt keçir. Lakin paytaxtdaxili marşrut xətlərinin çoxunda "Wi-Fi" sisteminə mobil telefonla qoşulmaq olmur. Mobil telefonların axtarış sistemində avtobusdakı "Wi-Fi" görünür, amma bağlanmaq, istifadə etmək olmur.
Məsələ ilə bağlı Yeniavaz.com saytı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb. M. Ağayevin sözlərinə görə, bu, daşıyıcılar tərəfindən həll olunan bir məsələdir: "Bunlar sərnişinlərin əlavə rahatlığı üçün təşkil olunan vasitədir və daşıyıcılar tərəfindən həll edilən bir məsələdir".
"Ümumilikdə onu qeyd edim ki, məhz marşrut xətləri üzrə avtobusların yenilənməsi bu gün bizim qarşımıza əsas məqsədlərdən biri kimi qoyulub. Avtobuslar yeniləndikdən sonra bu cür texnoloji yeniliklər də tətbiq ediləcək",-deyə Mais Ağayev bildirib.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top