"Düz bir il öncə Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi Açıq Hökumət Məlumatları Portalının (data.e-gov.az) yeni versiyasını təqdim edib. Bir il keçməsinə baxmayaraq, ötən ilin dekabr ayından sonra portala heç bir məlumat bazası əlavə edilməyib". Yeniavaz.com xəbər verir ki, bunu tanınmış ekspert Osman Gündüz bildirib.
"Ümumiyyətlə, qonşu ölkələrlə müqayisədə, bu sahənin inkişafında müəyyən irəliləyişlər olsa da, problemlər hələ də qalmaqdadır. Elə açıqlanan məlumat bazalarının sayına və mahiyyətinə diqqət etsək, bu açıq-aşkar görünür.
Elektron hökumət quruculuğunda, Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsündə ictmai əhəmiyyət kəsb edən məlumatların məlumat bazaları formasınada açıqlanması və əlçatan olması müasir dövrdə mühüm əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, məlumdur ki, Prezidentin mart ayında təsdiqlədiyi rəqəmsal hökumətə keçidlə bağlı fərmanı əsasında eGov-la bağlı bütün səlahiyyətlər, o cümlədən də eGov portalı (e-gov.az) Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilib və bu məqsədlə Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) yaradılıb. Həmin Fərmanda açıq hökumətin təşviqindən də söhbət getməsinə baxmayaraq, Açıq Hökumət Məlumatları Portalının Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin balansında qaldığı bildirilir. Məlumat Hesablama Mərkəzində bu sahəni idarə edən komandanın bir qismi isə artıq digər bir qurumda, EHİM-də eGov portalı ilə məşğul olurlar. Görünən odur ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də hazırda əsasən eGov portalının təkmilləşdirilməsi ilə məşğuldur. Yəni, Açıq Hökumət Məlumatları Portalı sanki unudulub.
Mahiyyətcə bir-birinə yaxın olan fəaliyyət sahələrinin fərqli kurasiyalarda olması gələcəkdə istər-istəməz daha ciddi problemlər yarada bilər.
Ümid edirəm Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu məslələrə aydınlıq gətirəcəklər",-deyə ekspert vurğulayıb.
Yeniavaz.com xatırladır ki, data.e-gov.az saytının "Haqqında" bölməsində saytın məqsədləri və mahiyyəti barədə bunlar bildirilib: "Portal vasitəsi ilə cəmiyyət dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilər. Portal dövlət orqanlarının məlumatlar toplusunun təsvirini, o cümlədən məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir. Məlumatlar və məlumatlar toplusunun siyahısı müntəzəm olaraq təkmilləşdiriləcək. Portalın uğuru əhalinin nə dərəcədə portal və məlumatlarla işləməsinə cəlb olunmasından asılıdır. Əsas məqsədi məlumatların istifadəsi və onların əsasında əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imakanının yaradılması, hərtərəfli təhlil və tədqiqatların aparılmasıdır.
Məqsədlər:
1. Açıq məlumatlara rahat giriş imkanı;
2. Əlavə dəyərin yaradılması-innovativ ideyaların rəğbətləndirilməsi;
3. Təhlil və tədqiqatların asanlaşdırılması;
4. İşin şəffaflığı
5. Dövlət orqanlarının effektivliyinin və səmərəliliyinin artırılması".