
Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi Kazımova Nüşabə Kazım qızının ona yaradılan süni maneələr, edilən təzyiq və haqsızlıqlarla bağlı saytımıza müraciət etməsi barədə məlumat vermişdik.
Nüşabə Kazımova iddia etmişdi ki, direktor əvəzi işləməsinə baxmayaraq, onun bu səlahiyyətləri özünü Göyçay Rayon İcra Hakimiyyəti başçısının qohumu kimi təqdim edən, Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovla ailəvi yaxınlıq münasibətləri olan Bəkirova Telli Surxay qızı tərəfindən mənimsənilib. Onun iddiasına görə, Telli Bəkirova müəllimlərdən özbaşına müxtəlif adlar altında rüşvət yığır, dərs saatlarını pul alaraq bölüşdürür.
Nüşabə Kazımova Telli Bəkirovanın işə götürülməsində də saxta əmrlər olduğunu iddia edib.
Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov saytımıza açıqlamasında ittihamların yalan olduğunu, şantaj xarakter daşıdığını bildirmişdi.
Qeyd edək ki, ittihamlarla bağlı Yeniavaz.com saytı Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Bu gün əməkdaşımız Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valeha zəng vurub, sorğu ilə tanış olub-olmadıqları ilə maraqlanıb.
Cəsarət Valehov deyib ki, Təhsil Nazirliyi bu məsələ ilə bağlı araşdırma aparır: "Sorğunu almışıq, Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinə yönləndirilib. Hazırda həmin şöbə bu məsələni araşdırır. Araşdırmanın nəticələrinə uyğun olaraq qərar veriləcək".
Cəsarət Valehov araşdırma yekunlaşandan sonra nəticəsi barədə mətbuata ətraflı məlumat veriləcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz