
Yevlax rayonunun Tanırqullar kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkir.
Bu barədə Yeniavaz.com saytına sakinlər məlumat veriblər. Sakinlər bildirir ki, yaşadıqları kənd problemlər içərisində batır. Sonuncu dəfə kəndin yolu 1976-cı ildə çəkilib. Arabir kənd bələdiyyəsi kənd arası yollara daş-torpaq tökərək işini bitmiş hesab edib: “Sakinlər bildirir ki, qarşıdan soyuq –yağışlı günlər gəlir. Kənddə 1500-dən artıq ev var. Tanırqullar kəndi Yevlax rayonun ən böyük kəndidir. Kəndin içi yol boyu zibildir”.
Kənd sakini Xanım Allahverdiyeva, Gülzar Verdiyeva, Məmməd Cəfərov bildirdilər ki, baxımsızlıq ucbatından yaşadıqları kəndin vəziyyəti acınacaqlıdır: “Kənddə iş yerləri yoxdur. Yağışlı günlərdə ayaqqabılarımız əlimizdə qalır. Aidiyyatı qurumlar bizim də kəndin problemləri ilə maraqlansınlar. Görsünlər nə gündə yaşayırıq. Qışın soyuğunda-yağışında aqibətimiz necə olacaq? Biz də insan kimi yaşamaq istəyirik”. Məsələ ilə bağlı kənd bələdiyyəsində olsaq da, kimsəni tapa bilmədik.
Esmira Hidayətova, Yevlax
Tətbiqimizi yükləyə bilərsiniz