Azərbaycanda 100 valideynin aylıq uşaq pulunun bərpası xahişi ilə Milli Məclisə ünvanladığı məktuba daha bir daha bir millət vəkili müsbət münasibət bildirib.
Yeniavaz.com saytı son günlər sosial şəbəkələrdə də aktuallaşan məsələ ilə bağlı Xocalı şəhərinin keçmiş icra başçısı, Milli Məclisin deputatı Elman Məmmədovdan münasibət öyrənib.
Deputat aylıq uşaq pulunun bərpa edilməsinin tərəfdarı olduğunu bildirib: "Sovet vaxtı belə idi - ailələrə uşaq pulu 3-cü uşaqdan sonra verilməyə başlayırdı. O dövrdə 3-cü uşaq da daxil olmaqla sonrakılara da verilirdi. Mən onun tərəfdarıyam ki, ailələrə uşaqpulu verilsin. Uşaq pulu kifayət qədər normal məbləğdə verilsin ki, heç olmasa, uşağın saxlanılıb böyüdülməsinə tam da olmasa, müəyyən qədər köməyi olsun".
Deputat deyib ki, bu məsələ Milli Məclisdə müzakirə olunan zaman bu fikirlərini orada da bildirəcək: "Uşaq pulunun bərpası bizim əhalimizin normal artımına, normal inkişafına, yaşamasına, təhsilinə, ailənin qorunmasına kömək olan bir amildir, stimuldur. Mən bunun tərəfdarıyam. Bu məsələ Milli Məclisdə müzakirə olunan zaman bu fikirlərini orada da bildirəcəyəm".
Nicat İntiqam
Tətbiqimizi yükləyə bilərsiniz