"Uşaq pulunun bərpası ilə bağlı Milli Məclisdə gənc ailələri müdafiə edəcəyəm" - Deputat

100 gənc ailənin Azərbaycanda aylıq uşaq pulunun bərpası ilə bağlı Milli Məclisə müraciəti hazırda mətbuatın əsas mövzularındandır. Məsələ sosial şəbəkələrdə də müzakirə mövzusudur. Bir çox deputatların bu təklifə müsbət reaksiyası gənc ailələrin sevincinə səbəb olub. Onlar ümidlidirlər ki, məsələ ilə bağlı müraciətə müsbət cavab bildiriləcək.
Yeniavaz.com saytına açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev təklifə müsbət münasibətdə olduğunu bildirib.
Deputat deyib ki, bu məsələ Milli Məclisdə müzakirə olunan zaman gənc ailələri müdafiə edəcək.
Fərəc Quliyevin sözlərinə görə, Azərbaycanda demoqrafik vəziyyətin normal olması üçün yeni doğulanlara uşaq pulunun bərpası lazımdır: "Bununla bağlı mənim Milli Məclisdə əvvəllər də çıxışlarım olub. Mən o zaman Rusiyadan misal da çəkmişdim. Rusiya əhalisi say baxımından azalan xalqdır, orada ölüm doğumdan çoxdur.
Rusiyada doğuma stimul vermək üçün müəyyən addımlar atırlar, hətta gənc ailələrə 10 min dollar civarında pul verirdilər. Qazaxıstanı da vaxtilə misal çəkmişdim ki, orada vəsait ayırırlar, gənc ailələrə uşaqların sayına görə vəsait verirlər. Bundan başqa, Qazaxıstanda yeni doğulan uşaqlara görə ailələrə at verirlər, torpaq sahəsi verirlər, ev tikib verirlər. Mən təklif etmişdim ki, Azərbaycanda da demoqrafik vəziyyətin normal olması üçün yeni doğulanlara uşaq pulunun bərpası lazımdır. Bundan əlavə, çoxuşaqlı ailələrə xüsusi vəsait ayrılması çox vacibdir.
Bir dəfə Milli Məclisdə komitədə tək uşaqların hərbi xidmətdən azad edilməsi ilə bağlı məsələ müzakirə olunanda etiraz etmişdim. Ona görə ki, tək uşağın əsgərlikdən saxlanması gələcəkdə təkuşaqlı ailələrin sayının çoxalmasına səbəb ola bilər - hərbi xidmətdən yayındırmaq üçün. Məqsədim bu idi - əhalimizin artması, amma yükün də gənc ailələrin üstünə düşməməsi. Aylıq uşaq pulunun bərpası məsələsi mənim üçün sürpriz deyil, çıxışlarımda qaldırmışam. Milli Məclisdə bu məsələnin müzakirəsi zamanı təbii ki, gənc ailələri müdafiə edəcəyəm".

Nicat İntiqam

DİGƏR XƏBƏRLƏR

Top