Nazirlik əməkdaşları şəkər xəstəliyindən əziyyət çəkən ailəni ziyarət etdilər


Yeniavaz.com saytı 2 gün əvvəl Xəzər rayonu, Qala qəsəbəsində yaşayan Əliyeva Nəcibə və onun 8 yaşlı oğlunun şəkər xəstəliyindən əziyyət çəkməsilə bağlı video-reportaj hazırlayaraq yayımlamışdı. Reportajda bildirilirdi ki, hər iki gözü tutulan qadının sağ ayağı amputasiya edilməlidir. Ağır şəraitdə, təkbaşına iki uşaq böyüdən ana sosial yardım almaq üçün dəfələrlə müraciət etsə də imtina cavabı alıb. Buna səbəb mobil telefon istifadəsi və kommunal xərclərin artıq olmasıdır. 2 ağır şəkər xəstəsi olan ailə poliklinikadan diabet xəstələrinə dövlət tərəfindən verilən dərmanları almaqda da çətinlik çəkir.
Bu video-reportajın yayımlanmasından dərhal sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları həmin ailənin yaşadığı ünvana gediblər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı özünün "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.
Fazil Talıblı qeyd edib ki, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan Əliyeva Nəcibə Qurban qızının ailə vəziyyətinin çətin olmasını və sosial yardımla bağlı müaciətinə imtina verilməsi səbəbindən narazılığını əks etdirən video yayılıb: "Elə bu gün nazirliyin aidiyyəti qurumunun əməkdaşları ilə birgə məsələni araşdırmaq üçün Nəcibə Əliyevanın yaşadığı ünvana getdik. Həqiqətən də mənzil-məişət şəraitinin çətin olduğunu gördük. Nəcibə Əliyeva özü l qrup əlilliyi olan şəxs kimi, övladı isə sağlamlıq imkanları məhdud uşaq kimi aylıq sosial müavinətlə təmin olunurlar. Həmçinin bu il onlara nazirlik tərəfindən birdəfəlik maddi yardım da verilib. N.Əliyevanın sosial yardım üçün müraciətinə imtina cavabı verilməsinin səbəbi isə elektron qaydada müraciəti zamanı özü də bilmədən sistemə yalnış məlumatlar daxil etməsi olub. Bunu biz ona izah etdik. Artıq N.Əliyevanın sosial yardım üçün elektron qaydada düzgün prosedurlarla müraciət etməsinə texniki köməklik göstərildi. Müraciətinə yaxın günlərdə qanunvericiliyə uyğun şəkildə baxılaraq obyektiv qərar veriləcək. Eyni zamanda ailənin maddi durumu nəzərə alınaraq onlara növbəti dəfə maddi yardım verilməsi qərara alınıb".
Fazil Talıblı daha sonra qeyd edib ki, N.Əliyevanın ailəsinin yaşayışı nazirlik tərəfindən diqqətdə saxlanacaq.
Yeniavaz.com tərəfindən hazırlanan video-reportajı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top