Qurucu və yaradıcı şəxsin taleyindən bir tablo...


Qarşıdan doğma şəhərimizin 70 illik yubleyi gəlir. Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınıb. 11 noyabr 1948-ci ildə şəhər statusu alıb. Bir çox insanların bioqrafiyası bu şəhərlə bağlıdır. Yeniavaz.com xəbər verir ki, bu insanlardan biri də həvəskar rəssam Yunis Yolçuyevdir.  Rəssamlıq sənətinin vurğunu olan, rənglərin dili ilə danışan, ömrünü-gününü rənglərə bağlayan bu şəxslə görüşüb, duyğularını bölüşdük. Onun fikirincə, rəssamlıq sənəti çox incə, maraq doğuran, insan ruhunu oxşayan gözəl bir sənət növüdür. Həvəskar rəssam danışdı ki, rəssamlıq insanın mənəvi aləmindəki daxili duyğularını cəmiyyətlə bölüşməyin  ən maraqlı yoludur. Doğurdan da Yunis müəllimin çəkdiyi rəsmlərə baxdıqdan sonra bu qənaətə gəlmək olur ki, rəssamlıq əsrarəngiz, həm də çətin sənətdir. Bu sənətə könül bağlayan ciddi təxəyyül, istedad, əmək, səbr və mütaliə tələb edir. Biz onun əl işlərini nəzərdən keçirdikcə, onun sənət əsərlərində xəyal dünyası, qəlbinin istəyini rənglərin dili ilə büruzə verməsini gördük. Rəngarəng tabloları insanı gələcəyə xoş ümidlərə səsləməklə yanaşı, həm də nostalji hisslər oyadır. Daim yaradıcılıq axtarışlarında olan, ömrünü-gününü bu sənətə bağlayan Yunis Yolçuyevi daha yaxından tanımaq üçün söhbətə tutduq. İlk sualımız rəssamlığa olan marağının  kökü ilə bağlı oldu.
 Yunis Yolçuyev cavabına bir el məsəli ilə başladı: “Bir toy məclisində toyun ağsaqqalı oynamaq istəyir. Deyirlər dayı, hansı mahnıya oynayacaqsan? Ağsaqqal da qayıdır ki, nə çalırsız, çalın vallah, mən "Heyvagülü"yə oynayacağam. Mənə həmişə qəzetlər, televiziyalar hər hansı sualı ünvanlayanda, mən də deyirəm vallah, mən AZ İES-dən danışacam. Çünki mən 1977-ci ildə hərbi xidmətdən qayıtdım, bu müəssisədə fəhlə kimi çalışdım. Gəncliyim Az.İES-in tikintisinin qızğın çağına təsadüf etdi. Mən fəxr edirəm ki, gənclik illərimi elektirik stansiyasının tikintisinə xərcləmişəm. 20 il bu nəhəng müəssisədə işlədim. Kirpiyimlə od götürdüm. O dövrün gəncləri öz xöşbəxtliklərini əmək cəbhəsində görürdülər. İndi bu hissi təsəvvür etmək mümkün deyil. Az. İES o vaxtkı sovet məkanında tanınan bir nəhəng tikinti idi. O vaxtı bu quruculuq müəssisəsi komsomol tikintisi sayılırdı. Ölkənin hər yerindən dəstə-dəstə gənclər gəlirdilər. Məm də komsomol təşkilatının sədri idim. Çox fəal rol oynayırdım. Adımı "Od parçası" qoymuşdular.
 Yunis müəllim sözü hərləyib, gəncliyinin ikinci fəslinə gətirdi. Bu fəsil onun  məmuriyyət pilləsində çalışmaq, ucalmaq dönəmidir. Əməyini dəyərləndirib, irəli çəkdilər. Bilik, istedad və bacarığına güvənib, onu Mingəçevir Şəhər İcra Hakimiyyətində şöbə müdiri təyin etdilər. 2005-ci ildən 2008-ci ilədək burda çalışdı. Şübhəsiz ki, dərin ağıla, xüsusi xarakterə və  bacarığa, fərqli üstün qabilliyyətə, işgüzarlığa malik olmasaydı, arxasız, adamsız bir şəxsi yüksək vəzifəyə təyin etməyəcəkdilər. Şöbə müdiri işlədiyi müddətdə davranışı, qabiliyyəti, işgüzarlığı ilə böyük hörmət qazanan Yunis Yolçuyev mingəçevirlilərin sevimlisinə çevrilir. Qapısına gələn, ona pənahlanan kimsəni əliboş yola salmır. Əlindən gələni əsirgəmir. Hələ də şəhər əhalisinin dilində "el adamı" kimi tanınır.   Göstərilən etimadı doğrultduğu üçün göstərdiyi bacarıq, iş keyfiyyəti və təcrübəsi ona baş ucalığı gətirir. Neçə-neçə diploma, fəxri fərmanlara və pul mükafatlarına layiq görülür. Şəhərin bir çox ağsaqqalları onun haqqında belə deyirlər: "Yunis Yolçuyev çox yüksək şəxsi keyfiyyətlərə malik bir şəxsiyyət, mədəniyyət və etik davranış nümunəsi idi. O, təsərrüfatın bir sıra sahələrindən gözəl baş çıxaran təşkilatçı idi, yorulmaq nə olduğunu bilməzdi. Mingəçevirdə çox böyük nüfuza, hörmətə malik idi. Özünə və tabeliyində olanlara, eyni dərəcədə tələbkar idi. Nə qədər ciddi, zəhmli idisə, o qədər də kövrək, həssas və qayğıkeş idi. İnsanlara əl tutmaq, onların qayğısına qalmaq, dərd–sərinə hayan olmaq onun həyat amalı idi. İnsanlarda həmişə dürüstlüyü, səmimiliyi və etibarı sevərdi, çünki özü də düz, səmimi və etibarlı adam idi. İnsanlarda xoş ünsiyyət, onların arasında səmimiyyət görmək istəyirdi".
Yenə söhbəti rəssamlığa gətirdik. Həmişə təbiətlə qol-boyun olmuşam. Rəssamın müəllimi təbiət olur deyə, söhbətini davam etdirən həmsöhbətim danışır ki, rəssamlığa meyil məndə hələ kiçik yaşlarımdan yaranıb. Doğulduğum Zərdab rayonunun  Qaravəlli kəndinin  əsrarəngiz təbiət gözəllikləri məni sanki daim rəsm çəkməyə vadar edirdi. Atam çoban idi. 9-cu sinifdə oxuyanda atamın rəsmini   yağlı boya ilə ilk variantını çəkmişdim. Hələ də çəkirəm. Hazırda 3 variantı mövcuddur.
           
Mövzularımın çoxu Mingəçevirlə bağlıdır. Yaşadığım bu şəhəri Allah o qədər gözəl yaradıb ki, doymaq olmur. Doğma şəhərimlə bağlı rəsmlər çəkməyi daha çox xoşlayıram. 42 ildir bu şəhərin sakiniyəm. Mən boş oturmağı sevmirəm. Satışını da edirəm rəsmlərimin. Şəhərlə bağlı 10-12  rəsm əsərim var. Həmin  əsərlərdə doğma şəhərin misilsiz gözəlliyini tərənnüm etmişəm. Mən Mingəçevirin vurğunuyam.
Yunis Yolçuyev rəssamlıqla, peşəkarlığa iddia etmədən, sadəcə, insanlara sevinc bəxş etmək üçün məşğul olur. İstəyinə nail olduğunu da deyə bilərik.
Yunis Yolçuyev söhbəti ailədən salır. Əvvəlcə valideynlərindən danışır: Əsas odur ki, mənim valideynlərim ağıllı, şən və gülərüz insanlar olub. Onlar maraqlı yaşamağı, sevməyi, dostluq etməyi bacarıblar. Əldə etdiklərilə kifayətlənib və iztirablardan qorxmayıblar. Onların bizə-övladlarına münasibətinə gəlincə, hər birimiz valideynlərimizə borcluyuq. Bizi onlar böyüdüb, tərbiyələndirib, bizim üçün əllərindən gələni ediblər. Mən özümdə ailə sahibiyəm. Əli adlı bir nəvəm var ki, gözümün işığı, evimin yaraşığıdır. Qol götürüb, saz çalanda ayrı bir aləmə varid oluram. İlhamım oyanır. Rəsm çəkirəm”.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top