"Bu yük avtomobillərinin sürücülərinə cərimə yazılması qanunsuzdur" - Hüquqşünas


"Son günlər Bakıda yük avtomobilləri sürüclərinə kütləvi cərimələr tətbiq olunur. Gələn məlumatlardan belə aydın olur ki, həmin məsələdə qanun pozuntuları da var". Yeniavaz.com xəbər verir ki, bunu hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.
"Belə məlum olur ki, cərimələri 3.4 "Yük avtomobillərinin hərəkəti qadağndır" nişanının tələbini pozmaya görə yazırlar. Prezidentin 1 fevral, 2006-cı il, 1255 nömrəli sərəncamını və Yol hərəkəti təhlükəsizliyi komissiyasının Bakıya yük avtomobillərinin girişini məhdudlaşdırmaq barədə məlum qərarını da nəzərə alsaq, bu 3.4 nişanını icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinə aid olmaqla (üstündə "5 t" yazılmaqla) və qadağan olunmuş müddət də (8.00-21.00, 7.00- 21.00 və ya 7.00- 20.00 aralığı) göstərməklə tətbiq etmək lazımdır. Belə olduqda həmin nişanların qoyulduğu yol sahəsinə daxil olan icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinin sürücüləri cərimələnə bilər. Belə nişan olmayan küçələrdə və prospektlərdə isə heç kəsə cərimə yazıla bilməz. Bu qadağa şəhərdən çıxışa aid olmadığı üçün şəhərdən çıxanlara da cərimə yazıla bilməz.
Ayrıca bir problem də bu məhdudiyyətin hamıya aid olmaması, kimlərinsə ürəyi istədiyi vaxt şəhərdə hərəkət edə bilməsidir. Məlumat üçün deyim ki, hazırda qüvvədə olan qanunvericilikdə məhdudiyyət vaxtı şəhərə buraxılışın hansı əsasla, nə səbəbdən, hansı sənədlərlə və kimə verilə bilməsi nəzərdə tutulmur. Yəni bu məsələ hüquqi olaraq tənzimlənməmiş qalır",-deyə ekspert vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top