
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən yığılan 568,5 milyon manat məbləğində sığorta haqqının yarıdan çoxunu - 55,8%-i "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasından açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 317,4 milyon manat olub.
Digər 19 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 5-liyini 41,4 milyon manatlıq yığımla "Atəşgah Həyat", 39,1 milyon manatlıq yığımla Dövlət Sığorta Kommersiya Şirkəti, 28,6 milyon manatlıq yığımla "Atəşgah" şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 75%-i adları qeyd olunan 5 şirkətin əlində cəmlənib. Son 9 ay ərzində 5 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 426,5 milyon manat olub.
"Paşa Həyat Sığorta" ilə "Paşa Sığorta", "Atəşgah Həyat" ilə "Atəşgah" şirkətləri eyni qurumlara bağlı olduğundan yığılan sığorta haqlarının 68,1%-nin və ya 387,4 milyon manatının 2 şirkətə məxsus olduğunu qeyd etmək olar.
Ən az sığorta haqqı toplayan şirkətlər isə 196,6 min manatlıq yığımla "Naxçıvansığorta", 394,3 min manatlıq yığımla "Amrah Sığorta", 709 min manatlıq yığımla "Bakı Sığorta" şirkətləri olub.
.
Tətbiqimizi yükləyə bilərsiniz