"73 yaşlı erməni anasının məzarını ziyarət üçün Bakıya gəlirsə, bəs biz niyə ora getmirik?" - Politoloq


"Çox maraqlıdır. Moskvada yaşayan erməni Yuri Sarkisov üçün Bakıda anasının qəbrini ziyarətə icazə verilib. Sarkisov buna görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna minnətdar olub. Yuri yaxşı qarşılanıb, gəlib görüb qəbir tər-təmizdi, polis müşayiəti, yaxşı da yemək-içmək. Olsun, insandır, ölüsü üçün gəlib, imkan verilib.

Maraqlısı odur ki, bu iki millət arasında niyə, bu dərəcədə tarazlıq, haqq-ədalət pozulur? Niyə Ermənistandan qovulan bizim azərbaycanlılara öz doğmalarının qəbirlərini ziyarət etəyə şərait yaradılmır? Bizim oradan çıxarılan, yüz minlərlə soydaşımızın, yaxın-doğmalarının qəbri qalmayıbmı uzaqda tək-tənha, ziyarətsiz?". Yeniavaz.com xəbər verir ki, bunu politoloq İlqar Altay bildirib.

"Niyə axı, bizim hökumət, mūvafiq orqanları, Moskvadakı səfirliyimiz, bir erməninin buraya ziyarətə gəlişi üçün icazə verdiyi an, bir qərbi azərbaycanlının da Ermənistanda, ana-atasının qəbrinin ziyarəti şərtini qoymurlar? Bəlkə düşünürlər ki, getmək istəyən yoxdur? Özü də ilk dəfə deyil bu erməni gəlişi - ziyarət adı ilə Bakıya, Gəncəyə, rayonlara. Amma yanılmıramsa bizdən nə gedən, nə də ki təşəbbüs edən olub. Səhvəmsə, düzəliş edilsin.

Hörmətli "Qayıdış" hərəkatı var, niyə tələb etmir, məsələ qaldırmır bu barədə? Rizvan Talıbov var bu hərəkatın rəhbəri və yaxşı da tanıyıram. İndiki halda, hər kəs bilir ki, Ermənistana qayıdış uzaq gələcəyin işidir. Olmazmı elə real, mümkün məsələdən yapışılsın, ata-ana və yaxın-doğma qəbirləri, məzarları, ata-baba evlər və torpaqlar yad edilsin? Nağdı qoyub, nisyənin dalıyca qaçılmasın. Real iş görmək fikri varsa..

Hökumətdə bu qədər vəzifələr tutan məmurları, deputatları, müxalifətdə tanınanları və müstəqil ictimai xadim var qərbi azərbaycanlılarımızın, niyə ciddi təşəbbüs göstərmirlər bu məsələdə?

Və deyim, əsaslandırım nədir, xüsusi narahatlıq yaradan bu məsələ ilə bağlı:

1. Biz, həmişə siyasətdə geri qalırıq ermənidən və sonra ayılıb, gedən qatarın arxasınca qaçırıq. Qarabağ separatçılığı, hər iki ölkədən qarşılıqlı köçürülmə, silahlı mücadilədə təşkilatlanmada da geridə qaldıq. Hər dəfə sonradan atılan daş. İndi də ciddi proses, siyasət gedir ermənilər və onların Qərbdəki lobbi-diasporu tərəfdən və biz yenə bunu görüb hiss edə bilmirik ki, nədir bu..

Vaxtilə Azərbaycanda yaşamış ermənilərlə çox ciddi iş aparılır və psixoloji cəhətdən hazırlanır ki, Bakı, Gəncə sair yerlər sizin doğma evlərinizdir. Və bu hazırlıq-öyrəşməni onları bura göndərməklə praktiki-təcrübi yöndə də möhkəmlədirlər. Sabah işğal rayonları geriyə qaytarılıb, Dağlıq Qarabağ da sülhlə həll olunan zaman, birdən məsələ qoyulacaq ki, hər iki ölkə ərazisindən qaçqın düşmüş insanlar da öz yurd-yuvalarına qaytarılsın. Nə demək olacaq, bunun yəni qanuni tələb, beynəlxalq hüquq tələbi qarşısında? Ermənilər deyəcək mən Azərbaycan vətəndaşıyam, məsələn, Bakıya evimə köçürəm, siz qaçqın düşmüş azərbaycanlılar da İrəvana, öz evinizə köçün, daha barışmışıq. Sual yaranır, biz bu halda belə bu cür varianta hazırıqmı? Nə deyəcəyik bunun qarşısında? Deyəcəyik ki, yox. Deyə bilmərik. Çünki, sülh varsa, bu qayıdış da ümumi sülh danışığının bir, məntiqli parçasıdır.

Və bu zaman, on minlərlə erməni qayıdıb Bakı, Gəncə və sair yerlərə qayıdanda, bizimkilər isə psixoloji hazır deyillərsə, oralara qayıdacaqmı? Onlar dolacaq Bakıya, Gəncəyə və s. bizdən isə... Plan budur.
2. Bu gün Azərbaycana erməni axınının olması (ziyarət formasında belə) azərbaycanlıların isə, əks tərəfə, hətta doğmalarının məzarlarına belə baş çəkməməsi, beynəlxalq aləmdə, təşkilatlar, dövlətlərdə yaxşı görünməyən fikir yarada bilir. 

3. Bizim gələcək düşüncəmizdə Qarabağımızı qaytarmaqdan savayı, Zəngəzuru və xeyli başqa torpaqlarımızı da erməni ərazisindən çıxararaq geri almaq planımız var. Bu prosesin də təbii ki, irəli çıxıb arxanı çəkən avanqard qüvvəsi qərbi azərbaycanlı soydaşlarımız olmalıdır. Necə biz bunu bu gün qarabağlılardan, onların komitəsi və təşkilatlarından gözləyirik və görürük. Bu bir prinsip məsələsidir axı, həm də, necə olur, yəni erməni özündə güc, cəsarət tapır, gələ bilir, biz isə yox. 
Mən şəxsən, Almaniyadakı səfirliyimiz dəstək versə, Ermənistan səfirliyindən də tələb edərək, (necə ki ermənilər tələb edir) bir tədqiqatçı kimi İrəvana və azərbaycanlı soydaşlarımızın vaxtilə sıx yaşamış olduğu başqa bölgələrə baş çəkib, tarixi yerlərimizi, abidə və məzarlarımızı ziyarət edərdim, bu yolu açardım. Qoy, biz də oranı su yoluna döndərək, onlar da bilsinlər ki, İrəvan da bizimdir! (Çalışaram bunu edim, Ermənistanın səfirliyinin üzərinə gedib, bu təşkili tələb etməklə)",-deyə politoloq vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top