"Sınaq imtahanı üçün bu sualları tərtib edənin nə dövlət standartından xəbəri var, nə də..." - İTTİHAM


"28 oktyabrda Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə keçiriləcək qəbul imtahanları modelində sınaq imtahanı keçirdi ki, imtahanda iştirak edənlər yeni modellə tanış olsunlar. Bu 2019-cu ildə yeni qaydada keçiriləcək imtahan modeli ilə ikinci sınaq imtahanı idi. Birincisi 2018-ci ilin may ayında keçirilmişdi. Ümumiyyətlə, 2019-cu il yeni qəbul modeli olduqca mütərəqqidir. Amma çatışmazlıqlar da var. Əsasəndə test tapşırıqlarının tip və modelləri ilə bağlı". Yeniavaz.com xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov bildirib.
"Belə ki, 2019-cu ildə tətbiq ediləcək yeni test modellərindən biri də (IX siniflər üçün buraxılış imtahanında 2 ildir istifadə olunur) situasiya tipli test tapşırığıdır. 
28 oktyabrdakı sınaq imtahanında 6600 nəfər iştirak edib və DİM 132000 manat əldə edib. Sözüm qazanılan vəsaitdə deyil, tarix fənnindən təqdim edilmiş 58-59 və 60 saylı test tapşırığınadır. Guya bu situasiya tipli test tapşırığıdır. 
Amma təqdim edilmiş test tapşırığından məlum olur ki, bu sualı tərtib edənin, onu təstiq edib sınaq imtahanına daxil edənin nə dövlət standartlarından xəbəri var, nə də situasiya tipli test tapşırığı modelindən anlayışı var. 
Hörmətli test tərtibçisi, situasiya tipli test tapşırığı əzbərçiliyi, faktları özündə əks etdirən test tapşırığı nümunəsi deyil. DİM özü bəyan edib ki, biz yaddaş məktəbindən təfəkkür məktəbinə keçmişik. 
Bu tipli test tapşırğının əsas ideyasını mətndə baş verən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyən etmə, mətnin kontekstinə uyğun verilmiş situasiyanı izah etmə ilə müxtəlif həyati situasiyalara şəxsi fikrini və münasibətini ibldirməyi tələb edir. 

Təhsilalanların bilik və bacarıqlarını yoxlamaq üçün təqdim edilən bu test tapşırğı yeni qaydalarla qiymətləndirilmədirsə, inanın ki, bu belə deyil. 
2019-cu ildə tətbiq olunacaq yeni qəbul modelində nəzərdə tutulan dəyişikliklər abituriyentlərin biliklərinin daha dəqiq şəkildə üzə çıxarılmasına kömək göstərmək məqsədi daşıyırsa, əmin edirəm ki, bu test tapşırığında hədəflənmiş məqsədə çatmaq mümkün deyil. Belə çıxır ki, yenə şagirdlər ancaq fakt əzbərləməlidirlər. 
Təqdim olunmuş test tapşırığı situasiya suallarının tələblərinə cavab vermir. Hansısa kitabdan bir mətini götürüb, onun hansısa hissəsini çıxarıb bunu situasiya test tapşırığı kimi təqdim etmək olmaz. Belə çıxır ki, şagird 6-11-ci sinifdə (təkcə tarix fənni 12 kitabdır) bütün əlavə mətnləri əzbərləməlidir ki, ordan DİM-in test tərtibçisi hansısa mətni götürəcək, ordan rəqəm və sözləri çıxaracaq, mən həmin fikirləri sözbəsöz yazacam? Bu situasiya testidir? 
Hörmətli test təribçisi, sən test tapşırığını tərtib edəndə qarşında kitab olur və ordan hansısa mətni götürüb guya situasiya tipli test tərtib edirsən. Amma onu şagird cavablayanda qarşısında kitab olmur ki, baxım görüm bu mətndə hansı söz, rəqəm buraxılıb. Özü də bu fikirlər populyar olmayan, işlənilməyən mətnlərdən salınır. 
Situasiya tipli test tapşırığı o test tapşırığıdır ki, onu cavablayan vəziyyətdən öz çıxış yollarını tarixi dövrü və şəraiti nəzərə alaraq təqdim edir, irəli sürür, nəticələr çıxarır, tarixi dövrlər arasında müqayisə aparır. Və imtahan iştirakçısının cavabı şəxsi fikri olur. Yoxsa kitabdakı mətni əzbərləyib olduğu kimi yazmaq situasiya deyil. Bəs siz ancaq kağız üzərində təfəkkür məktəbinə keçirsiz? Reallıqda isə hələ fakt əzbərləmək mərhələsində qalmışıq? Kimin yaddaşı güclüdür yenə də o yüksək bal toplayacaq? Mən o test tərtibçisinə özünün yazdığı kimi 30 test tapşırğı təqdim edərəm, heç 5-nə düzgün cavab yaza bilməz. Ayıbdır, vallah ayıbdır",-deyə Kamran Əsədov vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top