APA bağlandıqdan sonra işsiz qalan tanınmış jurnalistə vəzifə verildi


"APA Holding" MMC fəaliyyətini dayandırandan sonra işini itirən 200-ə yaxın qələm əhlindən biri də tanınmış jurnalist, Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu idi. 2 aya yaxın işsiz qalan Qabil Abbasoğlu yeni vəzifəyə təyin edilib. Bu barədə Yeniavaz.com saytına açıqlamasında Q. Abbasoğlu bildirib: "Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin İnformasiya Departamentində baş redaktor işləyirəm. "APA Holding" bağlanandan sonra 2 ay işsiz qaldım. Müəyyən şəxsi işlərim var idi, onları gördüm, daha sonra təkliflər gəldi və 1 aya yaxındır burda işləyirəm. Məsuliyyətlə yanaşandan sonra işlərin hamısı zəhmət tələb edir. Amma təbii ki, kütləvi informasiya vasitələrinin, media qurumunun operativliyi ilə dövlət idarəsinin informasiya departamentinin operativliyi arasında fərqlər var. Bu isə işin intensivliyi və xarakteri ilə bağlı məsələdir. Burda biz xəbər işi ilə məşğul deyilik, qurumun həyata keçirdiyi işlər, fəaliyyəti, buranın rəhbərliyinin görüşləri və bütövlükdə Tərcümə Mərkəzinin fəaliyyəti ilə bağlı nəşr olunan, tərcümə edilən kitablar və s. bu kimi məsələlərlə bağlı xəbərlər, məlumatlar, materiallar hazırlayırıq və qurumun saytında yerləşdiririk".
Q. Abbasoğlu əvvəlki iş yerində olduğu kimi, hər gün mətbuatda yazılanları izləməyə çalışdığını deyib: "Mən jurnalistəm və 27 ildir bu sahədəyəm. İstəsəm belə bunu bir günlük dayandırmaq mümkün deyil. Heç istəmirəm də, belə bir fikrim yoxdur. Hazırda gördüyüm işin də mahiyyəti jurnalistika ilə bağlıdır. Xəbər saytlarını izləyirəm, hətta qəzetləri də imkan daxilində mütaliə edirəm. Gündəmdən və formadan kənarda qalmamağa çalışıram".
"İzlədiyiniz saytlarda səhvlər varmı, diqqətinizi çəkirmi?" sualımıza Qabil Abbasoğlu belə cavab verib: "Saytlarda səhvlər görmək Lent.az-da işlədiyim vaxtlarda da var idi, indi də var, yəqin ki, axıra qədər də belə gedəcək. Çünki bu peşə vərdişidir. Mən demirəm ki, hamıda səhv tuturdum, əlbəttə, Lent.az-ın özündə də müəyyən texniki, redaktə səhvləri ola bilərdi. Redaktor baxışı, redaktor təcrübəsi olan insanlar xəbərə oxucu kimi baxmazdan öncə,  şüuraltı olaraq ona redaktor kimi baxırlar. O cür baxdıqları üçün də təbii ki, səhvləri görürlər.
Saytları izləyirəm, amma belə deyim ki, fəlakətli səhvlərdən söhbət getmir, müəyyən redaktə xətaları olur, sərlövhələrdə populizm əlamətləri ola bilər. Amma kiməsə nə dərs vermək fikrim var, nə də öyrətmək, sadəcə oxuyuram, izləyirəm. Bütün jurnalistlərə, o cümlədən sizlərə işlərinizdə uğurlar arzulayıram".
Xatırladaq ki, "APA Holding"ə daxil olan saytların fəaliyyəti avqustun 1-də axşam saatlarında dayandırılıb. Nəticədə Apa.az, Lent.az, Vesti.az, APA.TV saytlarına giriş məhdudlaşıb. Daha sonra isə holdingin fəaliyyəti tamamilə dayandırılıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top