Qurban Qurbanov: "Bəzən belə məğlubiyyətlərin komandaya faydası olur"


"Bordini və rəqib komandanı təbrik edirəm. Oyundan sonra sıxlıq olduğu üçün həmkarıma yaxınlaşa bilmədim. Bu idmandır. Futbolçular həmişə gərgin qrafikdədilər. Amma belə oyunlara, məğlubiyyətlərə hazır olmalıyıq. Danışılası bir şey yoxdur. Oyun və nəticə barədə hər bir futbolçu ilə ayrılıqda danışacağam. Futbolçuların yanında olmalıyam. Belə vəziyyətlər çox olub. Biz istəkli komandayıq. Sadəcə, səhvər olur. Bunları aradan qaldırmalıyıq. Daha möhkəm kollektiv olaraq qarşıdakı oyuna hazırlaşmalıyıq. İradlar olacaq, bunu başa düşürəm. Biz hər oyuna qələbə istəyi ilə çıxırıq”.

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Nə vaxta qədər futbolçuların yanında olacaqsınız, məsuliyyəti öz üzərinizə götürəcəksiniz: Bunun limiti varmı?

- Limit yoxdur. Mən futbolçulardan, onlar da məndən dəstək görməlidir. Səhvlərimizi kollektiv içində araşdırmalıyıq. Çatışmayan cəhətləri daha yaxşı bilirəm.

"Vorskla” ilə oyunda sanki çox güc sərf olunmuşdu. Bunun yorğunluğu hiss olunurdumu?

- Hər məğlubiyyətdən sonra psixoloji yorğunluq olur. Bu gün də heyətdə çox dəyişiklik etmişdim. Bəzi oyunçuları riskə atmaq istəmədim. Əsas heyətdən 3 oyunçu oynadırdım. Amma hiss edirdim ki, onlar üçün oynamaq ağırdır. Məğlubiyyətin səbəbini bunda axtarmaq istəməzdim. Sadəcə bu görüşə hazırlaşmaq üçün vaxtımız az olmuşdu. Bəzən belə məğlubiyyətlərin komandaya faydası olur. Üzücü olsa da, işimiz ilboyu davam edir. Bütün yorğunluqları, çatışmazlıqları arxada qoymalıyıq.

Əlinizin altındakı heyət çempionluq üçün yetərlidir?

- Futbolçularımın hər birinə güvənirəm. Bu heyətlə gözəl qələbələrimiz olub. Həm çempionatda, həm avrokuboklarda. Çempionatda inanmıram elə ciddi problemimiz olsun. Sadəcə, dəyişikliklər olur, hər oyun istədiyimiz kimi çıxış edə bilmirik. Düşünürəm ki, qarşıdakı oyunlar daha yaxşı olacaq.

Yakub Jezniçakın əvəzinə Rəşad Sadıqovun meydana çıxması nə ilə bağlıdır?

- Bayaq dediyim kimi, yorulmuşdular. Jezniçak həddən artıq yorğun olsa da, onun təcrübəsinə ehtiyacımız var idi. İlk hissənin sonlarında yorğunluğunu hiss etdiyim üçün onu əvəzlədim.

Azarkeşlər Mirabdulla Abbasovu yığmada görmək istədiklərini bildirdilər...

- Bütün oyunçular nəzarətdədir. Bütün bacarıqlı futbolçular yığmada ola bilər. Bizim hər toplanışımızda yeni oyunçu olur. Mənim siyahımda olan futbolçular arasında Mirabdulla da var. Onların hamısı milliyə çağırıla bilər. 
(report)

DİGƏR XƏBƏRLƏR

Top