Sakinlər kəndarası yolların asfaltlanmasını istəyir


Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Yuxarı Qapanlı kəndində keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə Yuxarı Qapanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Azər Cabbarov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Çərkəz Həsənov, Alış Cəfərov, Tamilə Bayramova və Müşviq Axundov suvarma suyu üçün subartezian quyusunun qazılması, rabitə xidmətinin günün tələblərinə uyğun olmması, kəndarası yolların asfaltlanması və digər şəxsi məsələlər barədə müraciətlər  ediblər. Qaldırılan məsələlər barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Esmira Hidayətova, Tərtər

DİGƏR XƏBƏRLƏR

Top