Birinci xanım qazi Qoşqar Hacıyevin müalicəsi ilə bağlı tapşırıq verib


Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprel döyüşlərində başından ağır yaralanan və hal-hazırda ağır vəziyyətdə olan qazi Qoşqar Hacıyevin müalicəsi ilə bağlı tapşırıqlar verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə yazıb.

Millət vəkili Qoşqar Hacıyevin vəziyyəti barədə məlumat almaq üçün Hərbi Hospitala getdiyini və burada qazinin ailəsinin onun yenidən Türkiyəyə göndərilməsini xahiş etdiklərini bildirib: "Əziz dostlar, Qoşqar qardaşımızın vəziyyəti barədə məlumat aldığım zaman Hərbi Hospitala getdik. Hospitalın rəhbəri Tofiq müəllim, ailə üzvlərinin, qazimizin dostlarının iştirakı ilə müzakirələr oldu. Ailəsi qazimizin yenidən qardaş Türkiyəyə göndərilməsini xahiş etdilər. Bu məsələni 1-ci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar müəllimə zəng edib çatdıranda onun dediyi söz "hər zaman qazimizin yanındayıq" oldu. Sonra zəng edərək bildirdi ki, ailəsi narahat olmasın qazimizlə bağlı Mehriban xanım bütün lazımi dəstəyin göstərilməsini söyləyib və bu dəstək göstəriləcək. Gülhanə ilə danışıqlara başlanıldı. Cəmi bir neçə saat sonra isə qazimizin qardaşı İlqar bəy zəng edərək Qoşqar qardaşımızı Gülhanədə müalicə edən həkimlərin Bakıda EGE Hospitalda çalışdıqları barədə məlumat aldıqlarını və Qoşqar bəyin Türkiyəyə getməsini də məhz bu həkimlər üçün rica etdiklərini bildirərək artıq həmin həkimlər Bakıda çalışırsa, Türkiyəyə ehtiyac yoxdur, EGE Hospitalda həmin həkimlərin nəzarətində müalicə ala bilər dedi. Qoşqar qardaşımız artıq həmin xəstəxanaya köçürülüb. Bu barədə davamlı olaraq Qoşqar bəyin vəziyyəti ilə maraqlanan Anar bəyə məlumat verildi və o, Mehriban xanımın qazimizin müalicəsi ilə bağlı ciddi tapşırıqlar verdiyini, diqqətdə saxladığını və bütün dəstəklərin müalicə dövründə göstəriləcəyini bildirdi".


 

DİGƏR XƏBƏRLƏR

Top