
Azərbaycanın tanınmış həkimi, ictimai xadim, tibb elmləri namizədi Rəşid Mahmudovun səhhətində problem yaranması, reanimasiyaya yerləşdirilməsi barədə xəbər vermişdik.
Ailə üzvlərinin Yeniavaz.com saytına verdikləri məlumata görə, R. Mahmudovun müalicəsi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında davam etdirilir: "Hələ Klinikadadır, həkimlər müalicəsini davam etdirir, danışır, ümumi vəziyyəti pis deyil".
Ailə üzvlərinin dediyinə görə, bu günə Rəşid doktorun əməliyyatı planlaşdırılıbmış: "Reanimasiyadan bir neçə gündür çıxarılıb, palataya köçürülüb. Bu gün əməliyyat olunmalı idi, ancaq vəziyyəti ilə əlaqədar həkimlər təxirə saldılar, məsləhət görmədilər. Hələ ki müalicə gedir. Allahın köməkliyi ilə hər şey yaxşı olar".
Ailə üzvləri bildiriblər ki, problem Rəşid Mahmudovun öd kisəsindədir: "Xəstəxanaya yerləşdirilən günlə müqayisədə indi vəziyyəti normaldır. Həkimlər nə deyirlərsə, ona əməl edirik. Həkimi də bildirir ki, ciddi problem yoxdur".
Yaxınları Rəşid Mahmudovun vəziyyəti ilə maraqlananlara da təşəkkür ediblər: "Zəng edib maraqlanan insanlar, hər kəsə təşəkkür edirik".
Qeyd edək ki, Rəşid Mahmudov 1938-ci il noyabr ayının 28-də Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olub.
Rəşid doktor ictimai fəal kimi insanları narahat edən problemləri, cəmiyyətdə mövcud olan eybəcərlikləri daim tənqid etdiyinə görə sevilir, rəğbət bəslənilir.
Azərbaycan Tibb Universitetinin Fiziologiya kafedrasında dosent vəzifəsində çalışan Rəşid Mahmudov, 50-dən çox elmi əsərin müəllifidir.
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz