Ermənistanın Türkiyəyə qarşı soyqırım iddiaları alçaqcasına iddialardan ibarətdir. Yeniavaz.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, soyqırım və etnik təmizlik kimi varvarlıq ifadə edən məfhumlar Türkiyəyə aid deyil: “Bunlar bizim mədəniyyətimizə aid məfhumlar deyil. Tarixində ayıb, günah sayıla bilən alçaqlıqlar olmayan millətlərin başında bizim millətimiz gəlir. Millətimizin keçmişini qaralamaq istəyənlərin çirkin iddialarını heç vaxt qəbul etmədik, etməyəcəyik. Bunu edənlərin məqsədi öz ləkələrini, ayıblarını türk millətinə sürtməkdir. Tarix tarixçilərin danışmalı olduğu sahədir, mühüm məsələdir. İstəyirlərsə, hər kəsə arxivlərimizi aça bilərik dedik, arzulayan gəlsin baxsın, istəyirlərsə, heyət formalaşdıraraq bizim tarixçilərimizlə, mütəxəssislərimizlə birlikdə əməkdaşlıq etsinlər”.
B. Yıldırım bildirib ki, Ermənistan Tükiyə ilə əlaqələr qurmaq, münasibətləri inkişaf etdirmək istədiyini bir neçə dəfə bəyan edib: “Əgər həqiqətən belə niyyətləri varsa, hər şeydən əvvəl Dağlıq Qarabağdakı işğal etdikləri ərazilərdən geri çəkilməlidirlər. Oradan işğal səbəbi ilə 1 milyona yaxın azərbaycanlının yerlərinə qayıtmasına imkan verməlidirlər. Türkiyəyə qarşı iddialarından dərhal vaz keçməlidirlər, qeyd-şərtsiz həqiqətləri qəbul etməlidirlər”.
Tətbiqimizi yükləyə bilərsiniz