Azərbaycanda təhlükəli erməni kartofları satılır?


Bakıda kənd təsərrüfatı məhsullarının topdansatışını həyata keçirən bazarlarda ermənilərin becərdiyi kartofların kütləvi satışı həyata keçirilməsi barədə KİV-lərdə məlumatlar yayılıb.
"Qaynarinfo" saytının yaydığı məlumatda bildirilib ki, Gürcüstanın ermənilər yaşayan Axalkalaki bölgəsindən Azərbaycana hər gün yüz tonlarla kartof idxal olunur: "Bunun da böyük hissəsi Azərbaycanda kartof idxalı ilə məşğul olan 4-5 işbazın payına düşür. Gürcüstanın cənubunda yerləşən Samtsixe-Cavaxeti diyarı və mərkəzi Axalkalaki şəhərinin əhalisi əsasən ermənilərdir. Buradakı iş adamları da erməni diasporunun aktiv dəstəkçiləri hesab olunur. Dünyanın istənilən nöqtəsində yaşayan hər hansı erməninin də Azərbaycana münasibəti artıq hər kəsə bəllidir".
Bəzi saytlar isə bu xəbəri "ölüm təhlükəsi" adı altında yayıblar. Təbii ki, bu informasiya vətəndaşların narahatlığına səbəb olub. Bəs ermənilərin yetişdirdikləri, insan orqanizmi üçün zərərli ola biləcək kartofların ölkəmizə gətirilməsi ehtimalı varmı?
Məsələ ilə bağlı Yeniavaz.com saytı əvvəlcə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə əlaqə saxlayıb. Xidmətin mətbuat katibi Rövşən Ziya bildirib ki, iyulun 1-dən etibarən bu sahəyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir.
Adıçəkilən Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mansur Piriyevin isə sualımıza cavabı belə oldu: "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, ölkəyə idxal olunan qida məhsullarına Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilir. Şübhə ehtimalı olduğu halda həmin məhsullardan nümunələr götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laborotoriyalarına göndərilir. Müayinələrin nəticəsinə uyğun olaraq, həmin məhsulların idxalı ilə bağlı müvafiq qərar qəbul edilir".
Dövlət Gömrük Komitəsindən isə Yeniavaz.com-a bildirilib ki, bir sıra kütləvi informasiya vasitələrində Gürcüstandan Azərbaycana idxal edilən kartofun insan sağlamlığı üçün təhlükə törədə biləcəyi və idxal edilən məhsulun içində Ermənistan mənşəli kartofun olduğuna dair iddialar irəli sürülüb və bu iddialarda gömrük orqanlarına qarşı ittihamlar yer alıb: "Dövlət Gömrük Komitəsi bildirir ki, ölkə ərazisinə gətirilən bütün mal və nəqliyyat vasitələrinin, o cümlədən kartofun qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. 
Belə ki, bitki və bitkiçilik məhsullarının, o cümlədən kartofun, göndərən (ixracatçı) ölkənin səlahiyyətli qurumu tərəfindən verilən malın mənşə və fitosanitar sertifikatları gömrük orqanlarını tərəfindən yoxlanıldıqdan sonra idxalına icazə verilir ki, bu da Ermənistan mənşəli məhsulun gömrük-sərəhəd buraxılış məntəqələrindən keçirilməsini istisna edir.
Eyni zamanda, qida məhsullarının təhlükəsizliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunvericiliklə müəyyən olunmuş tədbirlər görülür. 
Ümumiyyətlə, Ermənistan mənşəli hər hansı məhsulun Azərbaycana idxalı qadağandır və gömrük orqanları bu istiqamətdə ciddi nəzarət tədbirləri həyata keçirir".
Nicat

DİGƏR XƏBƏRLƏR

Top