
Dünən Qubada ailəli qadını qaçıran kişinin döyülərək öldürülməsi xəbəri ölkədə gündəm oldu. Məlumat üçün bildirək ki, həmin şəxs öz doğma əmisi oğlunun həyat yoldaşı - 25 yaşlı Aynur Əsədovanı qaçırmışdı. Məlumata görə, qadın öz razılığı ilə E. Əsədovla birgə gedib.
Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E. Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E. Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Hər üç şəxs saxlanılıb.
Bu xəbər bütün ölkədə gündəm olub. Əslində isə bu, ölkədə döyülərək öldürülmə ilə bağlı ilk xəbər deyil. Yeniavaz.com saytı müxtəlif vaxtlarda mətbuatda bununla bağlı yayılmış məlumatlar əsasında döyülərək öldürüldüyü bildirilən şəxslərin siyahısını hazırlayıb.
- Bir müddət əvvəl Xırdalan şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılmışdı. Araşdırmalar zamanı qızın avtomobillə qətlə yetirildiyi müəyyən edilib. Hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib.
- Kürdəmir rayonunda 5 yaşlı uşaq döyülərək öldürülmüşdü. Hadisə rayonun Muradxan kəndində yerləşən fermalardan birində qeydə alınıb. Astara rayon sakini, 33 yaşlı Sevanə Böyükağa qızı Yaqubova bir müddət əvvəl Kürdəmir rayonunun Muradaxan kənd sakini Abdulla İnqilab oğlu Abdullayevə ərə gəlib və özü ilə ilk həyat yoldaşından olan 5 yaşlı oğlu Murad Bayraməli oğlu Yaqubov da onlarla bərabər yaşayırmış. Abdulla Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq edib. O, Murada gah çomaq, gah da başqa küt alətlə mütəmadi xəsarətlər yetirib. Aldığı xəsarətlərdən uşaq dünyasını dəyişib.
- Bir neçə il əvvəl jurnalist Rasim Əliyev döyülmə nəticəsində ölüb. Məhkəmə-tibbi ekspertizası onun döyülmə nəticəsində öldüyünü təsdiqləyib.
- Gəncədə küçədə döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb. Məhsəti qəsəbə sakini, 1994-cü il təvəllüdlü Kamran Yüsifov hələki bilinməyən səbəbdən tanımadığı şəxs tərəfindən küçədə döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi köməkliyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
- Bakıda 53 yaşlı şəxs döyülərək öldürülüb. Hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1964-cü il təvəllüdlü Novruzov Aydın İbrahim oğlunun meyitinin üzərində döyülmə əlamətləri aşkar edib və məlum olub ki, həmin şəxs döyüldükdən sonra infarkt keçirib, dünyasını dəyişib.
- Zaqatala rayonunun Kebeloba kənd sakini Elmira Abdullayeva rayon Polis Şöbəsində ərizə ilə müraciət edərək, rayon sakini Eldar Osmanov tərəfindən döyülməsini bildirib. Bundan sonra Elmira Abdullayeva xəstəxanada ölüb.
- Bakının Nəsimi rayonu, Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər S. Mehdiyevin ağır kəllə-beyin travması aldığını bildiriblər. Lakin onların səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Mehdiyev Azərbaycan Texniki Universitetinin tələbəsi olub. Onun tələbə yoldaşları bildirib ki, S. Mehdiyev bir neçə nəfər tərəfindən döyülübmüş.
- Kəpəz rayonunun A. Səhhət küçəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Orucovun üzərində zorakılıq əlamətləri olan (döyülmə xarakterli) meyiti tapılıb.
Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini Eldəniz Məmmədov tutulub.
- Xırdalan sakini qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb. P. Həbibovun qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N. Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib.
- Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev döyülərək qətlə yetirilib. Ruslan adlı şəxs Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Baş verən mübahisə zəminində Yalçın Qocayevin döyülərək öldürüldüyü müəyyən edilib.
- Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən döyülərək öldürülüb. Qətl hadisəsi Sabunçu rayonunda baş verib. Bakıxanov qəsəbəsi, Əli Babayev küçəsi ev 3, mənzil 4 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızı qeyri-rəsmi nikahda yaşadığı 1968-ci il təvəllüdlü Şaqalıyev Fərhad Cənnət oğlu ilə mübahisə edib. Mübahisə zamanı F. Şaqalıyev qadına təpiklə zərbələr vurub. Sonra isə qadının boğaz nahiyəsinə zərbələr endirib. G. Sadıqova sonuncu zərbədən sonra hadisə yerində dünyasını dəyişib. Hadisəni törədərkən sərxoş vəziyyətdə olub.
Tətbiqimizi yükləyə bilərsiniz