Dayanacaqda tapdığı dollar və avroları sahibinə qaytarır - Bakı sakinindən ibrətamiz addım


Bakı sakini İslam Əliyev dayanacaqdan tapdığı 1080 manat pulu sahibinə qaytarmaqla sözün həqiqi mənasında çoxlarına örnək olacaq addım atır. Bu barədə Yeniavaz.com saytına onu tanıyan şəxslər məlumat veriblər.
İslam Əliyev saytımıza açıqlamasında deyilənləri təsdiq edib: "Hər gün işə avtobusla gedib-gəlirəm. Adəti üzrə işə gedərkən dayanacaqda oturacağın üstündə telefon qabı tapdım, ətrafda heç kim yox idi. Açıb baxdım ki, içində 400 dollar, 200 avro və bir də yaddaş kartı var. Dayanacaqda oturub bir xeyli gözlədim ki, bəlkə sahibi qayıdıb gələr. Heç kim yox idi. Həmin ərazi üzrə işləyən avtobusların sürücülərinə, dispetçerə bu barədə məlumat verdim, nömrəmi də dedim ki, birdən kimsə axtarsa, mənimlə əlaqə saxlasın. Bir neçə gün gözlədim, səs-soraq olmadı, axırda sosial şəbəkədə - öz feysbuk səhifəmdə elan paylaşdım".

İslam Əliyevin sözlərinə görə, nəhayət, bir neçə gün sonra pulun sahibi tapılıb: "Yaddaş kartında pulun sahinin fotosu var idi, o fotonu sosial şəbəkədə paylaşandan sonra tanıyanlar oldu və məlumat verdilər. Həmin şəxslə danışdım, pulların və yaddaş kartının məndə olduğunu bildirdim. Dedim ki, istənilən vaxt ona çatdıra bilərəm. İnşallah, səhər görüşəcəyik, əmanəti ona çatdıracağam. Amma açığı, həmin şəxs inanmır, deyir pul əlimə çatmayana kimi inanmıram, indiki zəmanədə yəni belə adam var?".

"Pulun sahibinin 60-dan çox yaşı var. Həmin adam deyir ki, telefonuna zəng gəlib, telefonqabını unudub və gedib. Yəqin pulu halal yolla qazanıb ki, axırda özünə qismət oldu. Ona bildirdim ki, mən o pulu yeyə bilməzdim. Səhər əmanəti sahibinə çatdıracağam. Atam həmişə mənə deyərdi ki, oğul, çalış bu həyatda halal adam ol. Atam bizi halal zəhməti ilə böyüdüb. Öz övladlarıma, ailəmə də bunu arzulamışam.
Nəhayət, sahibini tapdım, mən o pulu yeyə bilməzdim. O pulun sahibi yaşlı adamdır, nəyə görə yığıb, nəyə görə saxlayıb, bəlkə elə bir dərdi var ki, ona xərcləyəcəkmiş? Biz deyirik zəmanə korlanıb, insanlar korlanıb, amma hər bir insan əvvəlcə özünü düzəltməlidir. Halala harama qatanda haram olur. Mən bunu edə bilməzdim",-deyə İslam Əliyev vurğulayıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top