Gürcüstanın Azərbaycana satdığı malların dəyəri 2 dəfədən çox artıb


Bu ilin yanvar-sentyabr ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 342,98 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 2 dəfədən çox artıb. Belə ki, ötən ilin ilk 9 ayı ərzində Gürcüstandan Azərbaycana 167,8 milyon dollar dəyərində məhsul ixrac edilib.
Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkə olub. Cari ilin ilk 9 ayında Gürcüstanın ümumi ixracının 14%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan sonrakı yerlərdə Rusiya (ilk 9 ay ərzində 314,7 milyon dollar), Ermənistan (199,2 milyon dollar) və Türkiyə (194,6 milyon dollar) gəlir.
İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 9 ayında Azərbaycandan 399,5 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 10,8% artıb. Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Gürcüstan son 9 ay ərzində Türkiyədən 1 milyard 59,2 milyon dollar, Rusiyadan isə 675,6 milyon dollar, Çindən isə 647,9 milyon dollar dəyərində məhsul idxal edib.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard 124,8 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 20,8% çoxdur.
Qonşu ölkənin idxalı 19,1% artaraq 6 milyard 676,7 milyon dollar, ixrac isə 25,7% artaraq 2 milyard 448,1 milyon dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top