Azərbaycanda direktor məktəbin həyətində pambıq əkdirib - FOTOLAR


Azərbaycanda məktəbin həyətində pambıq əkilib. Yeniavaz.com saytı xəbər verir ki, bunu sosial şəbəkədəki səhifəsində iqtisadçı Qubad İbadoğlu bildirib.
"Dünyanın mütərəqqi ölkələri təhsilə, Azərbaycanın təhsil işçiləri də pambığa sərmayə qoyurlar. Bu şəkildə gördüyünüz pambıq sahəsi Beyləqanın Birinci Şahsevən kəndinin Gəray Əsədov adına 1 nömrəli orta məktəbinin həyətindədir. Məktəbin direktoru ikiqat qazanc yeri tapıb, bir tərəfdən məktəbdən, digər tərəfdən də ucuz işçi qüvvəsinin cəlbi yolu ilə pambıqçılıqdan qazanır. Şagirdlərin də gələcəkləri göz qabağındadır, uzağa getmək lazım deyil, hər gün dərsə gedəndə də, dərsdən gələndə də pambıq sahəsini görür, hətta onun zəhərli havası ilə nəfəs də alırlar.
İkinci fotoya diqqətlə baxın, sahəni şumlayanda traktoru məktəbin həyətinə salmaq üçün onun hasarlarını da dağıdıblar",-deyə Qubad İbadoğlu vurğulayıb.

Qeyd edək ki, Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova Azedu.az-a açıqlamasında Birinci Şahsevən kənd orta məktəbinin həyətində pambıq becərilməsi faktını təsdiq edib. O qeyd edib ki, ərazidə pambıq da, yonca da əkilir. Üstəlik bağ da var: “Çünki məktəbin ərazisi böyükdür. Buradan gələn gəlir məktəbin abadlaşması, ağac əkimi, gül kollarının alınması üçün istifadə edirlər. Bu, başqa məqsədlə əkilmir. Bunu əminliklə deyirəm. Bunun nəyi pisdir?! Həmin sahə isə məktəblə yaxın deyil. Məktəbin arxa hissəsindədir. Sadəcə, qonşuluqda bir-iki nəfər o məktəblə didişir. Deyirlər ki, bu yoncanın yarısını mənə verəcəksən. İki il əvvəl bu barədə mənə də müraciət olub. Gedib maraqlandım və gördüm ki, məktəbin arxasında xeyli boş qalan torpaq var. Məktəbin ora giriş-çıxışı yoxdur. Bu kiməsə xidmət etmir və bir qəpiyi kənara çıxa bilməz”.

Şagird və ya müəllimlərin əməyinin istismarı məsələsinə gəlincə isə bildirilib ki, məktəb daxilində bir nəfərə də pambıq yığımına get deyən olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top