Ekologiya Nazirliyinin hazırladığı xəritədə Ermənistanla bağlı şişirdilmiş rəqəmlər - FOTOFAKT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Bakı Kartoqrafiya Fabrikində tərtib və çap edilən xəritədə Ermənistanın 3 şəhərinin - Cermuk, Dilican və Qacaran şəhərlərinin əhalisinin sayı dəfələrlə artıq göstərilib. Yeniavaz.com xəbər verir ki, Nazirlik tərəfindən tərtib olunan xəritənin görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb və ciddi tənqid olunub.
Həmin xəritədə qeyd olunub ki, Ermənistanın Dilican, Cermuk və Qacaran şəhərlərinin əhalisi 100 000 nəfərdən çoxdur. Halbuki, Azərbaycanda 100 000-dən çox əhalisi olan cəmi 2 şəhər - Gəncə və Sumqayıt göstərilib.
Ermənistanın qeyd olunan şəhərlərində əhalinin sayı qeyd olunan göstəricidən dəfələrlə azadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı xəritədə qeyd olunanlardan fərqli olaraq Ermənistanın rəsmi qurumları Dilican şəhərində əhalinin 23 700 nəfərdən, Cermuk şəhərində əhalinin 4 300 nəfərdən, Qacaran şəhərində isə əhalinin 7 000 nəfərdən ibarət olduğunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı xəritədə 4300 nəfər əhalisi olan bir erməni şəhərinin 100 000-lik şəhər kimi göstərməsi haqlı olaraq sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramovun sözlərinə görə, həmin xəritə Azərbaycanın fiziki xəritəsidir: "Siyasi xəritə olmadığı üçün bu səhv böyük günah hesab olunmamalıdır. Həmin xəta operatorun diqqətsizliyindən baş verib. Əgər həmin xəritədə yer adları səhv verilsəydi bu böyük səhv olardı. Amma fiziki xəritədə əhalinin sayının səhv göstərilməsi elə də böyük günah deyil".

DİGƏR XƏBƏRLƏR

Top