Bakıda 6000-ə "Ford", 5000-ə "Hyundai", 800 manata "QAZ-31" satılır


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 noyabr tarixində keçiriləcək hərraca 73 dövlət əmlakı çıxarılıb. Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarimçıq tikilidir.
Bu dəfə hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 29,7 kv.m ilə 9297,4 kv.m aralığındadır. Özəlləşdiriləcək qeyri-yaşayış sahələrinin 10-u paytaxtda, digərləri isə Gəncə, Samux və Sabirabadda yerləşir.
Nəqliyyat vasitələrinə gəldikdə isə özəlləşdiriləcək avtomobillərin buraxılış tarixləri 1992-2008 illəri əhatə edir.  Qeyd edək ki, bu kateqoriyadan olan dövlət əmlakları "Hyundai", "Ford", QAZ və VAZ  markalarına aiddir.
Hərraca Energetika Nazirliyinə məxsus, 2007-ci il buraxılışlı "Ford Fokus” avtomobili də çıxarılıb. Maşının start qiyməti 6 min manatdan başlayır. Bundan başqa 2002-ci il buraxılışlı "Hyundai H 100” markalı avtomobilin start qiyməti 5 min manat,  1999-cu il buraxılışlı "QAZ-3110" markalı avtomobilin start qiyməti 1200 manat, 1992-ci il buraxılışlı "QAZ-3102" markalı avtomobilin start qiyməti isə 800 manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top