"Azərişıq" rəsmisi sosial şəbəkədə YAYILAN VİDEOYA münasibət bildirib


Dünəndən sosial şəbəkələrdə “Astara Elektrik Şəbəkəsinin rəisi Aqverdi Həsənovun işçilərinə qarşı qanunsuz hərəkətləri” başlıqlı video paylaşılır.
“Baxın, qazınızı, işığınızı, suyunuzu kəsən işçiləri bunu etməyə necə məcbur edirlər” kimi şərh verilən bu videodan belə aydın olur ki, Astara Elektrik Şəbəkəsinin rəisi öz otağında iclas keçirir, işçilərə işıq pulunun yığılması ilə bağlı müəyyən tapşırıqlar verir. Videoda rəis işıq pulu borcu 10 manatdan çox olan abonentlərin mənzillərinə verilən elektrik enerjisinin kəsilməsi ilə bağlı göstəriş də verir. Lakin videoçəkiliş aparan şəxs bunun onun işi olmadığını, işıq pulu yığılmasında, borclu abonentlərin elektrik enerjisinin kəsilməsi prosesində iştirak etmək istəmədiyini bildirir. Rəis isə bununla razılaşmır, onu otaqdan çıxarmaq istəyir. Sosial şəbəkədə yayılan bu video müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Yeniavaz.com saytı “Azərişıq” ASC-dən münasibət öyrənib. ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yayılmış videoya baxmadığını bildirib:
"Videonu görməmişəm, amma xəbəri eşitmişəm. Aylarla işıqpulunu ödəməyənin işığını kəsərlər də. Belə bir videonu sosial şəbəkədə yaymaq nə dərəcədə doğrudur? Özünüz görürsünüz ki, "Azərişıq" nə dərəcədə ciddi bir təşkilatdır, bu qədər işlər görülür, demək olar hər həftə cənab Prezident bir yarımstansiya açır, yeniliklər olur. Elektrik enerjisi haqqı yığılmalıdır də. İclası sosial şəbəkələrdə yaymaq, rəisi ilə o dərəcədə davranmaq nə dərəcədə doğrudur? Mən bu fikirləri həm də bir vətəndaş olaraq deyirəm. Bəs kiminlə işləsin rəis, işi necə qursun? Biz 24 saat xidmət göstəririk, 24 saat əhali ilə işləyən təşkilatıq. Kiminsə evində işığı olmayanda, buna görə zəng edəndə ona deyək ki, iş saatımız 9-da başlayır? Mənim telefonum 24 saat "Azərişıq"a işləyir. İşimə məsuliyyətliyəm. Biz həmişə insanların quluyuq. İndi həmin adam rəisinin üzünə ağ olursa, o başqa məsələ. Mən də bir söbə müdiriyəm, bu işin içərisindəyəm, beş barmağın beşi də bir olmur ki. O, rəisdir, tələb edir. İşini icra eləmirsən, gözləyirsən saat 9 olsun, axşam da 6-da çıxıb evə gedəsən? Elə olmur axı. Mən axşamlar 9-10-dan tez evə getmirəm. İstər montyor ol, istər pulu yığan, istər rəis ol, yəni bizim işimiz 24 saatdır. Bizə səlahiyyət verilib ki, iş görək. Biz də bu işi təşkil edib, qurub-yaradırıq ki, günü-gündən yarımstansiyalarımız, xətlərimiz yenilənsin, 24 saat evlərdə işıq olsun”.
“Sən mənim yerimdə ol, nə deyərsən? Bizim hər bir işçimiz məsuliyyət daşıyır. O düzgündürmü ki, iş yerində iclasda olan məsələni götürüb yayır? Yaysın da, vallah, mən demokratikliyi sevən adamam. Mən mətbuatın suallarını həmişə cavablandırıram ki, qapalı heç nə qalmasın, biz nə iş görürük, nə dəyişikliklər var. Amma yenə deyirəm, belə videonu yaymaq doğru deyil”,-deyə Tanrıverdi Mustafayev vurğulayıb.

Nicat

 

DİGƏR XƏBƏRLƏR

Top