"Ziya Məmmədovun rəhbərliyi ilə gerçəkləşən ən uğursuz layihə - 100 milyon ayrılmışdı" - Ekspert

"Bir neçə gün öncə keçirilən iclasda Prezident yol-nəqliyyat sistemində olan problemlər və onların həlli yollarından danışıb. Mən həmin an, zamanında məşhur olan bir milli layihəni - Nəqliyyatı İntellektual İdarəetmə Sistemini xatırladım. Düşünürəm ki, hökumət zamanında bu sahəyə yetərincə vəsait ayırmışdı və diqqət göstərmişdi. Təəssüf ki, bu sahəyə məsul şəxslərin məsuliyyətsizliyi və vəzifəsinin öhdəsindən gələ bilməməsi, həmçinin də dövlət nəzarətinin yetərli olmamamsı ucbatından qarşıya qoyulan məsələləri həll etmək mümkün olmadı". Yeniavaz.com xəbər verir ki, bu fikirləri tanınmış ekspert Osman Gündüz bildirib.
Onun sözlərinə görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) aşağıdakıları həyata keçirməliydi:
"1. Nəqliyyat axınlarını texnologiyaların köməyi ilə intellektual formada idarə etmək.
2. Nəqliyyat axınlarından asılı olaraq işıqforları tam avtomatik idarə etmək.
3. Elektron-kart ödəmə sistemini tətbiq etmək.
4. Texnologiyalar vasitəsilə tıxacların qarşısının alınmasına və idarə olunmasına nəzarət etmək.
5. Həmçinin SMS məlumatlandırma, tıxac vəziyyətdən çıxış, alternativlər təqdim etmək və s.
Görünən odur ki, o zamankı Nəqliyyat Nazirliyinin Cənubi Koreyanın "SK C&C" şirkəti ilə birgə quraşdırdığı NİİM qarşıya qoyulanları həyata keçirə bilmədi.
Fikrimcə, sabiq nazir Ziya Məmmədovun rəhbərliyi ilə gerçəkləşən, bəlkə də ən uğursuz layihə NİİM olub".
Ekspert NİİM-lə bağlı bəzi rəqəmləri xatırladıb:
"1. 2011-ci ildən istismara verilən NİİM-ə büdcədən 100 milyon manat vəsait ayrılmışdı.
2. Hər biri 10 min dollar olan 600 Avtobus İnformasiya terminalı quraşdırılmışdı.
3. Ölkədə, bəlkə də MDB-də ən boyük Monitor NİİM-in qərargahında quraşdırılmışdı (maraqlıdır, indi görəsən həmin monitor haradadır).
4. Fiber-optikanı "Delta Telekom" qurmuşdu, lakin istismarına vəsait verilmədiyindən elə NİİM-in üzərində qalmışdı. Ona görə də bəzən bu optik kabelləri elə küçələrdə səpələnmiş formada görmək olurdu.
5. Bütün avobuslarda GPS tipli avadanlıqlar quraşdırılmışdı və s".
Osman Gündüz təəssüflə bildirib ki, bütün bunların qarşılığında uğur əldə olunmayıb: "Fikrimcə, ölkədə uğursuzluğa düçar olan ən böyük İT layihədir. Görəsən, indi haradadır bu NİİM?
Prezidentin son vaxlarda qəbul etdiyi sənədlərə diqqət etsək, görərik ki, indi NİİM-lə bağlı səlahiyyətlər Bakı Nəqliyyat Agentliyinə verilib. NİİM-in bütün mövcud onlayn və oflayn resursları da bu qurumdadır. Lakin hələlik onlardan nəqliyyatın intellektual idarə ediləcəyi ilə bağlı hər hansı açıqlamalar eşitməmişəm. Görünən odur ki, onlar da yol-nəqliyyat sistemini hələlik intellektual yox, elə "dədə-baba" qaydasında tənzimləməyə üstünlük verirlər. Ümid edirəm, BNA nəhayət normal bir yol-nəqliyyat idarəetmə sistemi quraşdıra və tətbiq edə biləcək".

DİGƏR XƏBƏRLƏR

Top