Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşıb


Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 52 min 427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 950 min 512 nəfərə çatıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 90 min 523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1680-i əkiz, 78-i üçəmdir.
2018-ci ilin yanvar-avqust aylarında ölkədə 39 min 496 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6 təşkil edib.
 

DİGƏR XƏBƏRLƏR

Top