“Rüşvətə görə qovulanlar gəlib vəkil olur”


"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur. 

Təklifə görə qanunun 20-ci maddəsinin I hissəsinin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və  ikinci cümlə daxil edilsin. Belə ki, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. 

Qanun layihəsinin müzakirəsində çıxış edən deputat Siyavuş Novruzov bildirib  ki, bu gün vəkillərin sayının artırılmasına ehtiyac var: “Bizdə vəkil deyəndə cinayətlə bağlı işlərdə iştirak edənlər nəzərdə tutulur. Ancaq minlərlə mülki məsələlər var ki, orada da vəkillərin iştirakına ehtiyac var. Odur ki, bu barədə təsəvvür  dəyişilməlidir və vəkillərin sayı artırılmalıdır. Qanun tamamilə dəyişdirilməlidir. Çünki bəzən hüquq-mühafizə orqanlarından rüşvət məsələsinə görə qovulanlar gəlib vəkilliklə məşğul olur. Hansı insanlar ki, bu orqanlarda işlərini şərəflə yerinə yetiriblərsə, bu işlə məşğul ola bilərlər. Amma rüşvətxorluq üstündə işdən qovulanların heç bir halda  bu işlə məşğul olmasına icazə verilməməlidir. Axı sən işləyəndə insanların hüququnu pozmusan. İndi, gəlib hüquq müdafiəçisi olmusan?!”. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top