İxrac edilən xam neftin dəyəri 2 dəfə artıb


Əvvəlki aylarda olduğu kimi bu ilin yanvar-sentyabr aylarında da Azərbaycandan xarici ölkələrə ən çox xam neft ixrac olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 11 milyard 588 milyon dollar dəyərində 21,9 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 81,2%-ni təşkil edib.
Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xam neftin ixracı dəyər ifadəsində təxminən  2 dəfə və ya 5,7 milyard dollar, miqdar ifadəsində isə 42,6% və ya 6,56 milyon ton artıb.
Xam neftdən sonra xarici ölkələrə ən çox təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 1 milyard 28,2 milyon dollar təşkil edib. Təbii qazla bərabər xarici ölkələrə neft məhsulları da ixrac edilib ki, onu da dəyəri 425 milyon dollara bərabər olub.
İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir.
2018-ci ilin ilk 9 ayı ərzində xarici ölkələrə 342,5 milyon dollar dəyərində meyvə-tərəvəz, 97,2 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 95,7 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 64,2 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 20,8 milyon dollarlıq şəkər, 56,9 milyon dollarlıq kimya sinayesi məhsulları, 59,6 milyon dollarlıq elektrik enerjisi, 16,9 milyon dollarlıq pambıq iplik satılıb.
Onu da qeyd edək ki, bu il pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. Bu ilin ilk 9 ayı ərzində xarici ölkələrə 62,7 milyon dollar dəyərində pambıq lifi ixrac edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top