Azərbaycanda alimlər naxa balığı yetişdirir - FOTOLAR


Mingəçevir Elmi Təcrübə Stansiyasında ilk dəfə olaraq naxa balıqları da yetişdirilir. Bu barədə Yeniavaz.com saytına stansiyanın müdiri Hicran İsgəndərova məlumat verib.
O, qeyd edib ki, AMEA tibb və biologiya bölməsinin vəsadətini nəzərə alaraq, Milli Elmlər Akademiyasının rəyasət heyəti 15 may 2018-ci il tarixli qərarı ilə Mingəçevir Elmi Təcrübə laboratoriyasının fəaliyyətini daha da genişləndirərək, Mingəçevir Elmi Təcrübə Stansiyası adlandırılmasına qərar verib: "Bunun da bir çox səbəbləri var idi. Əvvəllər biz laboratoriya olaraq  yalnız ixtioloji tədqiqtlarla məşğul olurduqsa, indi ixtioloji tədqiqatlarla yanaşı, parastoloji tədqiqtlar da aparmağa başlayacağıq. Nəzərinizə çatdırım ki, stansiyanın göllərində hal-hazırda ağamur, qalınalın, çəki, koeo (el arasında ona kitay sazanı deyilir) var. 2017-ci ilin may ayından başlayaraq ilk dəfə Mingəçevir Elmi Təcrübə Stansiyasının gölündə ilk dəfə olaraq naxa balığının yetişdirilməsinə başlanıb. Əsas məqsəd stansiyada ekoloji, təmiz balıq yetişdirməkdir. Biz balıqlarımızı təmiz məhsularla yemləyirik. Onları qamış, balıq, yonca, arpa, buğda ilə qidalandırırıq. Stansiyanın həyətində yeni yonca sahələri də yaratmışıq. Aprel, may aylarından başlayaraq balıqları arpa və buğda ilə qidalandırırıq. Çünki, qışdan çıxan balıqlar zəif olur, sentyabrın 15-dən oktyabrın 15-ə dək suyun temperaturu 15 dərəcəyə düşəndə balıqlar qidalandırmanı dayandırır".

"Stansiyanın 1 saylı gölündə naxa yetişdiririk. Biz heç vaxt bu balıq növünü yetişdirməmişik. Bu balıqlar stansiyaya gətiriləndə 6 günlük süfrələr idi. Onu da qeyd edim ki, naxa balığının böyümə intensivi çox yaxşıdır. Onları əvvəlcə balıq farşı ilə qidalandırırıq. Qarşımıza qoyduğumuz məqsəd ondan ibarətdir ki, stansiyada bu balıqlar necə qidalanır, böyümə intensivi necədir və hansı yaş dövründə onlardan kürü ala biləcəyik. Bu da çox uğurlu alındı. Yəni əvvəllər ədəbiyyatda qeyd olunurdu ki, naxa balıqları suyun tempuraturu 5 dərəcəyə düşənə qədər qidalanırlar. Lakin stansiyamızda aparılan təcrübə göstərdi ki, onlar suyun tempuraturu 9 dərəcəyə düşəndə qidalandırmanı tam dayandırırlar. Mən də fürsətdən istifadə edib təsərrüfatlara naxa balığının böyümə intensivi çox yüksəkdir demək istərdim",-deyə Hicran İsgəndərova bildirib.

Stansiya müdiri onu da qeyd etdi ki, 2015-ci ildən laboratoriyada dekorativ olan koeo balıqları da yetişdirilir: "Lakin biz hələ onlardan nəsil ala bilməmişik. Məqsədlərimizdən biri də onlardan nəsil almaqdır. İnanıram ki, 2019-cu ildən biz onlardan nəsil ala biləcəyik. Yeri gəlmişkən bildirim ki, bunlarla yanaşı, biz stansiyada ilk dəfə olaraq şərq tibb zəliçiliyi ilə də məşğul olmağa başlamışıq. Həmin zəlilərdən AMEA Zoologiya İnstitutunun laboratoriyasında nəsil alınır, böyüdülməsi üçün və təbiətə daha yaxın olması üçün həmin zəliləri biz stansiyanın gölündə böyüdürük, əsas məqsəd də təmiz ekoloji zəli yetişdirməkdir. Onların 90 faizi ana zəlilərdir. Artıq onlar iyun ayında barama verəcəklər".

"Qarşımızda bir məqsəd də var" deyən Hicran xanım sonda onu da bildirdi ki, Mingəçevir su anbarında xərçənglər yoxa çıxdığı üçün stansiya gələcəkdə xərcəng də yetişdirəcək.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top