Son 9 ayda içki və siqaretə 1,1 milyard manat xərcləmişik


Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 26,2 milyard manata bərabər olub.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət dövriyyəsinin 13 milyard 133,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 24,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,3 faiz üstələyib.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının (12 013,5 milyon manat), 4,3 faizi içkilər və tütün məmulatlarının (1 120,4 milyon manat), 18,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların (4 759,2 milyon manat), 6,3 faizi elektrik malları və mebellərin (1 632,9 milyon manat), 5,7 faizi avtomobil yanacağının (1 485,2 milyon manat), 1,3 faizi əczaçılıq və tibbi malların (349,7 milyon manat), 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının (192,7 milyon manat), 17,6 faizi (4 604,5 milyon manat) isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 16,9 faizi ticarət müəssisələri, 50,8 faizi fərdi sahibkarlar tərəfindən, 32,3 faizi isə bazar və yarmarkalarda satılıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  296,3 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları  alıb.
 

DİGƏR XƏBƏRLƏR

Top