Deputat: "Prezident xalqdan gələn siqnalların onun üçün vacib olduğunu deyir"


"Vətəndaşlara müraciət etmək, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Dəfələrlə demişəm ki, ictimai nəzarət güclü olmalıdır, artıq biz bunu görürük. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər". Bu fikirləri Prezident İlham Əliyev dünən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib.
Qeyd edək ki, indiyədək sakinlərin ictimai fəallığı nəticəsində Bakıda bir neçə qanunsuz tikilinin qarşısı alınıb. Prezident niyə az qala hər çıxışında ictimai nəzarətin güclü olması mövzusuna toxunur?
Sualı Yeniavaz.com saytına açıqlamasında millət vəkili Zahid Oruc belə şərh edib: "Siz dünyada ən mütərəqqi dövlətlərin həyatını müqayisə edəndə görəcəsiniz ki, vətəndaş cəmiyyətindən kənarda heç bir nailiyyəti əldə etmək mümkün olmazdı. Niyə? Ona görə yox ki, bütün hökumət strukturları, dövlət qurumlarının ümumən fəaliyyətlərinin ən önəmli hissəsi xalqa xidmətdir. Bu, başlıca amil deyil. Vacib tərəfi odur ki, vətəndaş aktiv bir şəkildə həmin prosesdə, hansısa layihədə, konkret bir proqramın yerinə yetirilməsində iştirak eləmirsə, qeyd olunan strateji hədəf itir.
İstər kənd təsərrüfatı, istər sosial sferada, istərsə də ekologiya məsələlərində ən başlıca hədəf insandır. Onun maraq və mənafeyi üçün çalışmağı sən rəhbər tutursan. Belə olan təqdirdə insanlar atılan addımın ümümi nəticələrini daha yaxşı görüb, hesablaya bilir və dəyərləndirmək imkanları da yerindədir".
"Axı siz media mənsubu kimi "ASAN xidmət"in hansısa bölgə təsisatından bir şikayət aldığınızı söyləyirsinizmi? Xeyr. Adamlar ora gedərkən daha başqa vasitələrə əl atırlarmı? Yox. Xüsusi himayədar axtarışındadırlarmı? Deyillər. Öz sifətləri ilə "ASAN xidmət"in hansısa şöbəsinə daxil olur, eyni sima ilə də oranı tərk edirlər və kifayət qədər əlçatanlıqdan, bürokratizmin sıfır vəziyyətindən, çeviklikdən və sair kimi amillərdən də geniş bəhs edirlər, razılıq bildirirlər. Bunu bütün digər strukturlar haqqında da yaratmağı bacarmalıyıq.
Ölkə rəhbəri Nazirlər Kabinetinin iclasında çıxışında əslində 2015-ci ildən keçən dövr ərzində islahatların daha sürətli və daha dinamik xarakter daşıdığını qeyd elədi. Ona görə də ictimai nəzarət olmadan heç bir sahədə mütərəqqi səviyyəyə gəlib çatmaq mümkün deyil.
Hesab edirəm ki, ölkə rəhbəri xalqdan gələn siqnalların onun üçün çox əhəmiyyətli olduğunu, idarəçilik prinsiplərində bunlara yer verdiyini, əsl demokratik cəmiyyətin bunun üzərində qurulduğuna vurğu eləyir",-deyə deputat bildirib.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top