
Keçmiş ikili agent Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində şübhəli bilinən Aleksandr Petrovun əsl adı Aleksandr Mişkindir. Yeniavaz.com “Vedomosti” qəzetinə istinadla xəbər verir ki, bu barədə “Bellingcat” və “The Insider” nəşrlərinin araşdırmasında deylir.
“Bellingcat” yazır ki, A. Mişkinin “rəqəmsal əl izi” Ruslan Boşirov kimi tanınan digər şübhəli Anatoli Çepiqadan xeyli kiçikdir. Müəlliflər qeyd edirlər ki, A. Mişkinlə tanış olan bir neçə insandan müsahibə alıb və onun doğma kəndində olub.
“Bellingcat” və “The Insider” nəşrlərinin məlumatına əsasən, A. Mişkin keçmiş Baş Kəşfiyyat İdarəsinin (indiki Baş Qərargahın Baş İdarəsi) hərbi həkimidir. Təhqiqatın müəllifləri iddia edirlər ki, A. Mişkin 1973-cü il iyulun 13-də Arxangelsk vilayətinin Ustyinsk rayounun Loya qəsəbəsində anadan olub.
O, Rusiyanın elit hərbi-tibbi akademiyalarından birini bitirib və həkimliyi öyrənib. “Bellingcat”ın məlumatına görə, A.Mişkin Baş Kəşfiyyat İdarəsi tərəfindən cəlb edilib, 2010-cu ildə Moskvaya köçüb və burada Aleksandr Petrov adında sənədlər və ləqəb alıb.
A.Mişkin 2011-2018-ci illərdə Petrov adı ilə bir çox səfər edib, o cümlədən Ukrayna və Dnestryanıya gedib. Müəlliflər güman edirlər ki, A. Mişkinin hərbi rütbəsi ya podpolkovnik, ya da polkovnikdir.
Xatırladaq ki, “Bellingcat” və “The Insider” sentyabrın sonunda məlumat yaymışdı ki, Ruslan Boşirov adı altında Baş Kəşfiyyat İdarəsinin polkovniki, Rusiya Qəhrəmanı Anatoli Çepiqa gizlənir.
Tətbiqimizi yükləyə bilərsiniz