
"Deyəsən, bu ASAN imza qarşısına məqsəd qoyub ki, bizdə e-gov inkişaf etməsin. Son dövrlərdə kənd təsərrüfatı sahəsində ciddi irəliləyişlər müşahidə olunur. O cümlədən bu sektorda texnologiyaların və innovasiyaların tətbiqi ilə bağlı da bir sıra uğurlu layihələr gerçəkləşdirilir. Amma bu sektorda elə layihələr də var ki, inanmaq olmur ki, bunu sahə ilə əlaqəli şəxslər reallaşdırıb. Bunlardan biri də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin istifadəyə verdiyi güzəştli kreditlərlə bağlı elektron müraciət xidmətidir. Adı çəkilən Dövlət Xidməti hansısa bir şirkətə bu elektron müraciət sistemini hazırlatdırıb və qəribədir ki, adi bir müraciət üçün fermerdən ASAN imza tələb olunur". Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri, ekspert Osman Gündüz bildirib.
"Görəsən, bunu hazırlayanların ağlına gəlməyibmi ki, bu xdimət, internet infrastrukturun, mobil internetin olduğu şəhərdə və ya rayon mərkəzlərində yox, məhz uzaq əyalətlərdə, kəndlərdə fəaliyyət göstərən fermerə yönəlib. Lap elə internet imkanı olanın da adi bir müraciət üçün ASAN imza görəsən, nəyinə gərəkdir? Nə üçün mütləq, heç bir alternativi olmayan ASAN imza? Hələ heç bir qəpik qazanmayan fermeri hər ay 2,5 manat ödəməyə məcbur etmək kimin ağlına gəlib? Sadəcə biabırçılıqdır, çox təəssüflənirəm. İnnovasiyalara meylli Kənd Təsərrüfatı Naziriliyinin hansısa bir Xidmət qurumunda bu cür hallar daha çox təəssüf doğurur. Güman ki Nazirliyin rəhbərliyi bu fakta yetərincə diqqət yetirməyib. Bəlkə də yeni tipli şəxsiyyət vəsiqələrində indiyədək də var qüvvəsilə elektron imzanın tətbiqinə maneçilik törədənlər kənd təsərrüfatı sahəsinə də girişiblər. Məntiqlidir, çünki hazırda, ASAN imzaya görə kimlərsə, sadəcə heç nədən hər ay 0,5 milyon manat qazanırlar. Görünür, bu azlıq edir.
Ümid edirəm e-gov quruculuğuna və elektron xidmətlərin keyfiyyətinə cavabdeh qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi kifayət qədər əhəmiyyətli olan layihələrin reallaşmasını əngəlləyən, sui-istifadə etməyə cəhd edənlərin qarşısını ala biləcək",-deyə ekspert vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz