5 rayonun qaytarılacağı barədə deyilənlərin əsası varmı? - Politoloq şərhi


Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri öncəsi və ondan sonra işğal olunmuş 5 rayonun geri qaytarılacağı barədə müzakirələr getdiyi barədə mətbuatda məlumatlar yayıldı. Hələ də bu mövzuda xəbərlər yazılır, sosial şəbəkədə müzakirələr gedir.

Putinin ölkəmizə səfəri zamanı keçirilən mətbuat konfransında Qarabağ mövzusuna ümumiyyətlə toxunmaması isə bir sıra suallar yaratdı. Politoloqlardan bəziləri isə "gördünüzmü, mən deyən oldu" tipində açıqlamalar verdilər.
Bəs işğal olunmuş 5 rayonun qaytarılması barədə Rusiyanın loyallıq nümayiş etdirməsi barədə deyilənlərin əsası varmı?
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Yeniavaz.com saytının bununla bağlı sualına belə cavab verib: "Mənim zənnimcə, bu mövzuda Putinin ölkəmizə səfəri zamanı siyasi xarakterli söhbətlər olub, ancaq bu haqda mətbuata məlumat ötürməyiblər. Soçidə də ayaqüstü söhbətlər olub. Bakıda da yenə ikitərəfli qapalı söhbətlər aparılıb".
Politoloqun zənninmcə, bu söhbətlərdə əsasən, 5 rayonun geriyə qaytarılmasından söz edilib: "Bu istiqamətdə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən tutmuş, Avrasiya Fondunun sədri Duqin, tarixçi alim Kuznitsov və başqa bu qəbildən olan şəxslər də açıqlamalar veriblər. Kazanda Serj Sarkisyanın İlham Əliyevlə görüşündə belə bir razılaşma olmuşdu, 2 il əvvəl Sank-Peterburq görüşündə də belə bir razılaşmaya qol qoyulmuşdu. İndi Rusiya bunu yenidən dirçəltmək, hərəkətə gətirmək istəyir. Amma Rusiya hələ ki, Ermənistandakı siyasi böhranın bəlli bir məntiqi sonluğa çatmasını gözləyir. Güman edirəm ki, Rusiya Azərbaycandan bölgədə proseslərin pisləşməsinə səbəb ola biləcək hərəkətlərə yol verməməyi xahiş edib".

DİGƏR XƏBƏRLƏR

Top